Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə "Report"a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə deyilir:
“Benilüks Azərbaycanlıları Konqresi”, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun yaydığı bəyanatlarda bildirilib ki, Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu və qanlı cinayəti hiddətlə qınayırıq".
Baş vermiş terrorun məntiqə və insanlığa sığmadığına diqqəti cəlb edən müraciət müəllifləri dünya ictimaiyyəti və beynəlxalq təşkilatları insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə və ədalətli mövqe tutmağa çağırıblar.
“Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq”, - məlumatda qeyd edilib.