Litvanın ən böyük liman şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Ölkəmizin Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, noyabrın 5-də Klaypeda şəhərinin Mərkəzi konsert zalında baş tutan proqram iki gün ərzində fərqli tədbir və təşəbbüslərlə çıxış edən “Azeris” cəmiyyəti tərəfindən təşkil edilib.
Tədbirdə Klaypeda şəhər administrasiyasının, yerli ictimaiyyətin, alman, Ukrayna, Belarus, yəhudi, rus, tatar, latış, polyak milli icmalarının rəhbərləri, KİV nümayəndələri, soydaşlarımız, habelə Panevejis, Şiaulyay, Kaunas, Vilnüs şəhərlərindən gələn qonaqlar iştirak ediblər.
Mərasimdə “Azəris” cəmiyyətinin sədri Əliağa Məmmədov çıxış edərək bütün dünya azərbaycanlılarının sevinc və qürur mənbəyi olan Zəfər Gününü xalqımıza bəxş edənlərə hər zaman borclu olduğumuzu qeyd edib.
Sədr müavini Rəna Məmmədovanın təşkilatçılığı ilə baş tutan konsertdə daha sonra Azərbaycandan gələn mədəniyyət xadimləri Əməkdar artistlər Nigar Şahmuradova və Elnur Süleymanov, müğənni-xanəndə Könül Məmmədli, tarzən Bəxtiyar Məmmədov, habelə fortepianoçu İnci Məmmədova ilə yanaşı, yerli litvalı müğənnilər Erikas və Egle, Vyaceslav Tarasov, Şiauliyaydan olan rəqs qrupu çıxış edib.
“Bazar günü” məktəbinin azərbaycanlı şagirdləri Məhəmməd və Mahmudun ifasında artıq ənənəyə çevrilmiş “Azərbaycan” mahnısı və azyaşlı İslam və Xədicə Məmmədzadələrin söylədikləri vətənpərvər şeirlər bayrama xüsusi rəng qatıb.
Konsert zalının foyesində Azərbaycan milli mədəni rəmzilərini özündə əks etdirən fotosərgi və milli atributların olduğu müxtəlif guşələr qurulub. Konsertdən sonra tədbir iştirakçılarına ləziz milli yemək və şirniyyatlarımız təqdim olunub, bayram əhvali-ruhiyyəsi qonaqlarını rəqsləri ilə birlikdə davam etdirilib.
Noyabrın 6-da isə, Klaypeda şəhərində fayton və avtomobil karvanı ilə yürüş təşkil olunub.
Azərbaycan və Litva bayraqları ilə bəzədilmiş atlı fayton və avtomobillər şəhərin mərkəzində hərəkət edərək yerli sakinləri salamlayıb. Klaypeda şəhərinin mərkəzi meydanında isə Azərbaycan mahnı və rəqslərindən ibarət mini konsert təşkil olunub, şəhər sakinlərinə şirniyyatlar paylanılıb.