Finlandiyanın paytaxtı Helsinkidə 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Helsinki Azərbaycan Evində baş tutan tədbir “Azər-Türk” Gənclər Təşkilatınnın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı və Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Tədbir torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Ü.Cabbarova, Azərbaycanın Finlandiyadakı səfirliyinin əməkdaşı Nail Qocayev və Türkiyənin Finlandiyadakı səfirinin birinci müavini Hakan Özdəmir soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik ediblər. Əzəli torpaqlarımızın işğalına son qoyan milli mübarizəmizə diqqəti cəlb edən natiqlər bildiriblər ki, iki il öncə baş vermis Vətən müharibəsində qazandığımız parlaq qələbə Qarabağ münaqişəsinin bitməsi ilə nəticələnib, yüz minlərlə həmvətənimizin doğma yurd-yuvalarına və evlərinə dönməsinə imkan yaradıb.
Tədbir Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə isveçli rejissor və fotoqraf Mikael Silkeberg tərəfindən lentə alınan “Xarı bülbül əfsanəsi” sənədli filminin və Finlandiyada yaşayan Azərbaycan rəssamı Çingiz Abasovun “Qarabağ 30 il və 44 gün” əsərinin təqdim olunması ilə davam edib. “Şuşa ili” çərçivəsində lentə alınan “Xarı bülbül əfsanəsi” filmində Azərbaycan və dünya mədəniyyətində Şuşanın yeri, bu şəhərdə anadan olmuş, dünya mədəniyyətinə, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş şəxsiyyətlər haqqında məlumat verilib.
Tədbirin bədii hissəsində Finlandiyada yaşayan soydaşımız Könül Saedi, Mona Safojifar, Azərbaycan Evinin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdləri Rafael İmani Nicat Əhədov və Səid Mirzəyevin ifasında Zəfər Gününə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.