Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi açılıb - FOTO

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi açılıb - FOTO Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) açılıb.
Diaspor
3 Aprel , 2019 19:06
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi açılıb - FOTO
Report

Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Ş.Rexviaşvili Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb. O bildirib ki, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların inteqrasiyasına böyük diqqət ayırır: “Gürcüstan və Azərbaycan xalqları tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri sabit inkişaf edir və Gürcüstan dövləti Azərbaycanla mövcud münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir”.

K.Tsixelaşvili yeni açılan mərkəzin rəhbəri olduğu qurumun milli azlıqlarla bağlı fəaliyyət istiqamətinə dəstək verəcəyini bildirib: “Gürcüstanın müxtəlifliyi bir dəyərdir və bu dəyər qorunub saxlanılmalıdır. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın”.

Dövlət naziri Azərbaycan dövlətinə, SOCAR şirkətinin Gürcüstandakı Nümayəndəliyinə azərbaycanlıların inteqrasiyası və sosial problemlərin həlli istiqamətində göstərdiyi böyük dəstəyə görə minnətdarlığını bildirib.

F.Muradov, öz növbəsində, tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. O, Azərbaycan və Gürcüstan arasındakı dostluğun sarsılmaz olduğunu və ölkələr arasındakı münasibətlərin daha da möhkəmləndirildiyini bildirib: “Marneulidə açılan inteqrasiya mərkəzi ilə bağlı təklifi ötən il yerli gənclər irəli sürüblər. Mərkəzin açılması olduqca vacib layihədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə dəstək olacaq”.

Daha sonra çıxış edən GAİM-nin icraçı direktoru Aygül İsayeva mərkəzin yaradılmasının əsas məqsədləri və fəaliyyət istiqamətləri barədə danışıb.

Onun sözlərinə görə, mərkəzin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verməkdir: “Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunacaq və idman dərnəkləri fəaliyyət göstərəcək”.

Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar.

Sonda tədbir iştirakçılarına Azərbaycan və Gürcüstanın milli rəqsləri təqdim olunub.

Mərasimə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Marneuli rayonunun rəhbər şəxsləri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, gürcü və azərbaycanlı ziyalılar, gənclər də qatılıblar. 

Son xəbərlər

Orphus sistemi