İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir.
Bunu Report”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib ki, hazırda Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər çoxdur.
“İraqda, Livanda Azərbaycan evinin açılışı nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir. Ancaq bu, o demək deyil ki, onlar iki ay sonra açılacaq. Böyük Britaniya və Danimarkada da Azərbaycan evinin açılması planlaşdırılır. Həmçinin Almaniyanın Ştutqart şəhərində, ABŞ-nin bir sıra ştatlarında Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər var. Bunlarla yanaşı, Cənubi Koreyada Azərbaycan evinin genişləndirilməsi nəzərdə tutulur, çünki Azərbaycan icmasının sayı artıb”, - F.Muradov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan evləri daim dövlət tərəfindən maliyyələşə bilməz:
"Azərbaycan evləri ilə bağlı bəzi maliyyə və texniki məsələlərlə əlaqədar öz üzərimizə öhdəlik götürürük. Lakin həmin evlər daim Azərbaycan dövləti tərəfindən maliyyələşə bilməz. Müəyyən müddətdən sonra əgər icma, həqiqətən də, Azərbaycan evinin fəaliyyətini davam etdirmək istəyirsə, mütləq icma üzvləri də dəstək olmalıdır.
Ona görə də yeni açılan Azərbaycan evlərinin hamısına müəyyən müddət verilir, həmin müddətdən sonra maliyyə yardımına yenidən baxılır. O müddətdə onlar öz fəaliyyət mexanizmlərini həyata keçirməlidirlər. Yəni Azərbaycan evinin açılması hansısa Azərbaycan evinin bağlana bilməyəcəyi mənasına gəlmir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan evlərinin gələcək fəaliyyəti və inkişafı hər zaman müzakirə predmeti ola bilər.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.