Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstan azərbaycanlılarını narahat edən problemləri dinləyib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstan azərbaycanlılarını narahat edən problemləri dinləyib Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonuna səfər edib.
Diaspor
3 Aprel , 2019 14:20
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstan azərbaycanlılarını narahat edən problemləri dinləyib

Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonuna səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, Dövlət Komitəsinin sədri rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təhsil Mərkəzində yerli azərbaycanlılarla görüş keçirib.

F.Muradov bildirib ki, Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarına hər zaman dəstək göstərib və bundan sonra da dəstəyini davam etdirəcək. O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı ilə birgə əməkdaşlıq planları hazırlanır və gələcəkdə həmin layihələr həyata keçiriləcək.

Sədr rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat təqdim edib. 

Gürcüstan parlamentinin Dmanisidən olan deputatı Kaxaber Okriaşvili ölkədə müxtəlif milli azlıqların nümayəndələrinin dinc şəraitdə yaşadıqlarını deyib: “Gürcüstan dövlətinin milli azlıqlara yanaşmasında ən əsas prinsipi ədalətdir və bu prinsipin qorunması təmin olunur”.

Deputat qeyd edib ki, Dmanisidə yaşayan azərbaycanlılar, xüsusən də orta nəsil arasında əsas problem gürcü dilini bilməməkdir: “Dövlət dilini bilməmək tam inteqrasiyaya maneə yaradır. Gürcü dilini bilən azərbaycanlılar ölkədə özlərini daha rahat hiss edə bilirlər”.

F.Muradov yerli azərbaycanlıları narahat edən təhsil və sosial sahələrədə olan problem və qayğılarla tanış olub.

Sonda Dmanisi Təhsil Mərkəzi barədə məlumat təqdim olunub. Mərkəzin rəhbəri Diana Qaralova bildirib ki, hazırda mərkəzdə 173 şagird təhsil alır. O, mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondu, Dmanisi rayon rəhbərliyi və SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təşəkkürünü bildirib.

Görüşdə Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi