Dövlət Komitəsi: "Dünya Azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyəcək"

Dövlət Komitəsi: "Dünya Azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyəcək" Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib.
Diaspor
22 Dekabr , 2023 15:29
Dövlət Komitəsi: Dünya Azərbaycanlıları Prezident İlham Əliyevi dəstəkləyəcək

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.

Virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın azərbaycanlı, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbir “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun keçirdiyi silsilə tədbirlərdən bəhs edən videoçarxın nümayişi ilə davam etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıları böyük tarixi hadisə – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bu tarixi proses zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nümayiş etdirdikləri birlik və həmrəyliyə görə azərbaycanlılara və Azərbaycanın dostlarına təşəkkürünü bildirib.

Bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza qayğısının dayandığı, Prezident İlham Əliyevin Azərbaycan diasporunun dünyada real gücə, söz sahibinə çevrilməsi məsələsinə daim diqqət yetirdiyi, diasporumuzun çevikliyində və birliyində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin xüsusi rol oynadığı nəzərə çatdırılıb. 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini xatırladan sədr xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını səsvermədə aktiv iştirak etməyə çağırıb.

Diaspor fəalları çıxışlarında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, xalqımızı bayramlar münasibətilə təbrik ediblər. Azərbaycan Bayrağının ölkəmizin bütün şəhər və kəndlərində ucaldılmasına nail olan Prezident İlham Əliyevin xalqımızın şərəfini və qürurunu özünə qaytardığı xüsusilə vurğulanıb. Dövlət başçısını doğum günü münasibətilə təbrik edən azərbaycanlılar qeyd ediblər ki, 7 fevral 2024-cü il prezident seçkilərində İlham Əliyev dəstəkləyəcək, bundan sonra da vətənimizin dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha güclü şəkildə çalışacaqlar.

Videokonfrans boyunca xaricdəki soydaşlarımızın təbrik videomüraciətləri və müxtəlif musiqi nömrələri təqdim olunub. 24 ölkədən 42 nəfər soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi