Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın İsveçdəki səfirliyinin iştirakı ilə mərasim şəhərin Stadsholmen adasında yerləşən məşhur Qamla-Standakı qalereyaların birində baş tutub.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyənin və Pakistanın bu ölkədəki səfirləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgidə fotoqrafın ötən il DİDK-nın dəstəyi ilə Ağdam, Füzuli və Şuşaya səfəri zamanı erməni işğalından azad olunmuş ərazilərimizdən çəkdiyi 30 foto əsəri təqdim olunub. Bu əsərlərdə işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi vandalizm aktları öz əksini tapıb.
Tədbirdə çıxış edən Komitə sədri və səfirlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı törətdiyi dəhşətli soyqırımını bəşəri cinayət və beynəlxalq hüquq normalarının kobudcasına tapdalanması kimi qiymətləndiriblər. Beynəlxalq səviyyədə Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası, ildən-ilə genişlənən bu kampaniya çərçivsində diaspor təşkilatlarının gördüyü işlər, Azərbaycan və türk icmalarının birgə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Sərginin nümayişi iki həftə davam edəcək.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.