Diaspor lideri: “Avropada azərbaycanlılar yeni hərəkata start veriblər” - MÜSAHİBƏ

Diaspor lideri: “Avropada azərbaycanlılar yeni hərəkata start veriblər” - MÜSAHİBƏ "Bu gün müxtəlif siyasi partiyalara, bələdiyyələrə azərbaycanlıların inteqrasiyası gündəmdədir"
Diaspor
29 May , 2018 12:45
Diaspor lideri: “Avropada azərbaycanlılar yeni hərəkata start veriblər” - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Maqdeburq Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, Heydər Əliyev adına Dünya Boks Komitəsinin prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Yaşar Niftəliyevin "Report"a müsahibəsi

- Avropanın əsas mərkəzlərindən olan Almaniyada azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığı necədir?

- Almaniyada ictimai-siyasi proseslər mürəkkəbdir. Bu ölkədə yaşayan azərbaycanlıların böyk əksəriyyətini son 20-25 ildə gələnlər təşkil edir. Biz burada təşkilatlanmada, əsasən, qardaş Türkiyədən olan türk qardaşlarımızın təcrübəsindən faydalanır, onlarla parlalel fəaliyyət göstəririk. Məsələn, son vaxtlar Almaniyada torpaqlıqlar (vilayətlər) üzrə azərbaycanlıların seçkili və inzibati orqanlarda təmsilçiliyə meyillənməsində türk qardaşlarımızın dəstəyi böyük rol oynayır. Bu gün müxtəlif siyasi partyalara, əsasən də, yerli bələdiyyələrə azərbaycanlıların inteqrasiyası gündəmdədir. Ölkədəki 16 torpaqlığın hamısında təmsil olunmağı qarşımıza məqsəd qoymuşuq. Bütün bunlar bizim birgə təşkilatçılığımız sayəsində ərsəyə gəlir. Biz, adətən, Avropanın digər ölkələrində yaşayan azərbaycanlılarla sıx təmas halında fəaliyyət göstəririk. Təbii ki, əsas məqsədimiz Avropada Azərbaycan həqiqətlərini, tarixi vətənimizdə formalaşan regionun lider dövlətinin nüfuzunu dəstəkləmək, təbliğ etməkdir. Bu gün Avropada müxtəlif layihələri həyata keçiririk və planlaşdırırıq. Bütün bunlarda Avropanın müxtəlif ölkələrinin dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunur. Bu layihələr Azərbaycan həqiqətlərinin təbliğinə, dövlətimizə dəstək məqsədilə həyata keçirilir.

- Bu gün, demək olar ki, əsas fəaliyyətiniz idman yarışlarının təşkili üzərində qurulmuş təbliğatdır. Bir az bu yarışların gedişatından bəhs edərdiniz. 

- Artıq fəaliyyətimiz daha geniş spektrə keçir. Bu gün Avropada azərbaycanlıların təşkilatlanması yeni müstəviyə qədəm qoyur. Başqa sözlə, Avropada azərbaycanlılar yeni hərəkata start veriblər. Bu, əsasən, lobbiçilik prinsipləri üzərində formalaşır. Məsələn, biz idman yarışlarında rəhbərlik etdiyimiz Heydər Əliyev adına Dünya Boks Komitəsi ətrafında müxtəlif millətlərdən peşəkar idmançıları toplamışıq. Məqsəd bu idmançıların sayını yüzə çatdırmaqdır. Bu, bəzi layihələr sayəsində baş tutacaq. Avropanın müxtəlif ölkələrindən olan bu idmançılar komitədə cəmləşməklə dolayısı ilə Azərbaycan həqiqətlərinin təbliğatının iştirakçısına çevriləcəklər. Biz, əsasən, peşəkar boks üzrə yarışlar təşkil edirik. Artıq bu işi on ildən çoxdur yalnız öz gücümüzə davam etdirik. Avropanın müxtəlif ölkələrindən buraya peşəkar boksçular cəlb olunub. Bunu genişləndirərək getdikcə qonşu qitələrdən də idmançılar cəlb edəcəyik. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Bakıda beynəlxalq yarış keçiririk.

- Ümumiyyətlə, lobbiçiliklə, diaspor fəaliyyəti ilə bağlı nə kimi planlarınız var?

- Lobbiçiliklə bağlı planlarımız genişdir. Ümumiyyətlə, biz Prezident İlham Əliyevin istər dünya azərbaycanlılarının qurultayında, istərsə də müxtəlif tədbirlərdə səsləndirdiyi tövsiyələri daima əsas götürürük. Çünki xaricdə yaşayan hər bir azərbaycanlı öz tarixi Vətəninə, dövlətinə qəlbən bağlı olmasa, özündə güc hiss edə bilməz. Bu gün Avropanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri birgə fəaliyyətə üstünlük verir. Elə layihələrimiz də bu fəaliyyətlə gerçəkləşir. Biz hazırda Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşməklə, eyni zamanda səfirliklərimiz və Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Son aylar Avropanın müxtəlif ölkələrində yerli siyasətçilər və seçkili orqanlarla görüşlərimiz ənənə halını alıb. Artıq Ukrayna, Finlandiya və Polşada görüşlər keçirmişik. Bu diaspor fəaliyyətində bir ilkdir, lobbiçilik fəaliyyətimizin bir hissəsidir. Biz görüşlərdə avropalılarla Azərbaycan həqiqətlərini və gələcəkdə birgə görə biləcəyimiz layihələri müzakirə edirik. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyytinin 100 iliyini müxtəlif ölkələrdə yerli millətlərin nümayəndələrinin, siyasətçilərin iştirakı ilə qeyd edirik. Ümumiyyətlə, yaxın günlərdə lobbiçiliklə bağlı layihələrimiz çox olacaq.

Son xəbərlər

Orphus sistemi