Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüquq normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addımdır.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin (AAM) sədri Zaur Əliyev Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnaməyə etiraz bəyanatında bildirilib.
Bəyanatda AP-də qəbul olunan qətnamənin təməlindəki qeyri-obyektiv yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu bildirilib: "Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin beynəlxalq hüququn tələblərinə uyğun olduğu vurğulanıb".
Sənəddə daha sonra Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törətdiyi mina terroruna, mədəni və tarixi irsin dağıdılmasına, həmçinin itkin düşən dörd min azərbaycanlının taleyinə dair hər hansı obyektiv mövqenin ortaya qoyulmaması təəssüf hissi ilə vurğulanıb:
"30 il ərzində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin və onların fundamental hüquqlarının pozulmasının diqqətdən kənarda qalması bu qətnamənin birtərəfli, qərəzli mövqedən qaynaqlandığını bir daha təsdiq edir".