Bakı. 27 yanvar. REPORT.AZ/ İstanbulda Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, yığıncaq İstanbul Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İSTAD) baş tutub.
Toplantıda Türkiyə də daxil olmaqla Cənub-Şərqi Avropa ölkələrində azərbaycanlıların fəaliyyəti ilə bağlı yeni planlar müzakirə olunub.
AAK-ın prezidenti Sahil Qasımov və İSTADIN rəhbəri Səfər Karakoyunlu AAK-ın fevralda baş tutacaq növbədənkənar qurultayına hazırlığı da müzakirə ediblər. Türkiyəli diaspor fəalları, o cümlədən Səfər Karakoyunlu son bir ildə AAK-ın ciddi fəallığını, iri layihələrə start verdiyini misal gətirərərk bunun onlarla da birgə planların reallaşması üçün ciddi stimul olacağın bildirib. Sahil Qasımov isə Türkiyə diasporunun fəaliyyətini yaxından izlədiyini, İSTAD-ın fəaliyyətini təqdir etdiklərini bildirib. Daha sonra Türkiyə, Cənub-Şərqi Avropa ölkələri üzrə azərbaycanlıların fəaliyyəti geniş müzakirə olunub, yeni layihələrlə bağlı birgə plan barədə qərarlar qəbul edilib. Yaxın aylarda İSTAD-ın ev sahibliyi ilə AAK-ın İstanbul forumunun keçirilməsi barədə də qərar qəbul olunub.
Sonda İSTAD tərəfindən Sahil Qasımova Türkiyə diasporu adından fəxri nişan təqdim edilib.
Qeyd edək ki, İSTAD 2010-cu ildə Türkiyə vətəndaşları olan azərbaycanlılar tərəfindən təsis olunub, təşkilatın bütün ölkə üzrə yüzlərlə üzvü var. Təşkilat Azərbaycan həqiqətlərinin regionda təbliğində fəaldır. Təşkilatın əhatə etdiyi bölgənin on faizində Türkiyədə yaşayan ermənilər məskunlaşıb.