Bakı. 7 may. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə Avropadakı bir sıra diaspor təşkilatlarının ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə görüşü keçirilib.
AAK-dan "Report"a verilən məlumata görə, görüşdə ATƏT/DTİHB-nin İnsan haqları departamentinin rəhbəri Omar Ficher, Demokratikləşmə Departamentinin rəhbəri Marchin Valetski və qurumun seçki üzrə məruzəçisi Radivoje Grujich, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, AAK vitse-prezidentləri, Alman-Azərbaycan Mədəniyyəti cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Muradlı, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva iştirak ediblər.
S.Qasımov AAK fəaliyyəti barədə məlumat verib. Sonra S.Qasımov ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri ilə bağlı ilkin rəyindən narahat olduqlarını bildirib: “AAK-da 134 Azərbaycan təşkilatı birləşir və onların tam əksəriyyəti Avropa vətəndaşlarıdır. Yəni biz buranın vergi ödəyiciləriyik. Biz iş adamlarının burada ödədiyimiz vergilərlə maliyyələşən bəzi Avropa institutları, təəssüf ki, ədalətli addımlar atmırlar. Bu baxımdan, tarixi vətənimiz ilə bağlı Avropa təşkilatlarının ikili standartlara söykənən rəyi bizi ciddi narahat edir və bununla bağlı yaranan suallarımıza sizdən cavab istəyirik. Biz bura Avropa vətəndaşları olaraq sizinlə qarşılıqlı formada, dost kimi müzakirələrə gəlmişik.
Qurumun Azərbaycandakı seçkilər üzrə məsul məruzəçisi R.Grujiç bildirib ki, seçkidən əvvəl fevral ayından Azərbaycanın dəvəti ilə seçkiqabağı vəziyyəti müşahidə etmək üçün ölkədə olublar: “Deyə bilərəm ki, bəzi bərabərsizliklər olsa da, Azərbaycanda seçki administrasiyası yüksək formada təşkil olunub. Bizim bununla bağlı raportumuz da olub və ictimaiyyət artıq tanışdır. Beynəlxalq müşahidəçilərin seçki qabağı və seçki ərəfəsi müşahidə imkanları da yüksək formada təşkil olunmuşdu”. O qeyd edib ki, hazırda seçkinin yekunu ilə bağlı qurum adından bütün detalları əhatə edən böyük bir sənəd hazırlanır və yaxın zamanda açıqlanacaq”.
S.Qasımov ona cavab olaraq bildirib ki, seçki ilə bağlı onun hazırladığı ilkin raportda ciddi ziddiyyətlər var: “Məsələn, DTİHB Ermənistanda keçirilən seçki ilə bağlı şəfaf rəy vermişdi, amma seçkidən sonra qısa tarix göstərdi ki bu həqiqət deyil. Çünki xalq Serj Sarkisyan rejimini qəbul etmədiyini kütləvi aksiyalar ilə sübut etdi və göstərdilər ki, ermənilər hiyləgərcəsinə onun tərəfindən aldadılıb. Amma Azərbaycanla bağlı tamamilə fərqli rəy veribsiniz”. Məruzəçi Grujiç suala belə cavab verib ki, o, Ermənistandakı seçkilərlə bağlı iradlara cavab verə bilməz, yalnız Azərbaycanı müşahidə edib: “Amma onu deyə bilərəm ki, biz seçkilərin nəticələrini yox, onun keçirilmə mühitini müşahidə edirik. Bütün hallarda isə biz ölkələri heç vaxt müqayisə etmirik”. S.Qasımovun təkrar bu barədə sualına isə Grujiç dolayısı ilə cavab verməkdən yayınıb.
Marçin Valetski isə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda gedən inkişafı inkar etmir, edə də bilməz: “Biz, sadəcə, çox istəyərdik ki, Azərbaycan bizim əhatə etdiyimiz sahələr ilə bağlı tədbirlərimizdə iştirak etsin, daha çox qarşılıqlı əməkdaşlıq edək. Bu, Azərbaycanın inkişafına dəstək ola bilər. Eyni zamanda Avropa Azərbaycanlıları Konqresi qitədə bizim üçün əməkdaşlıq edə biləcəyimiz kifayət qədər sosial bazalı təşkilat ola bilər. Hansı ki, bundan tərəfdaşımız Azərbaycan da faydalanar”. S.Qasımov buna məmnuniyyətlə hazır olduqlarını bildirərək Azərbaycanın 25 ildir Ermənistan tərəfindən işğaldan əziyyət çəkməsini də qitədəki azərbaycanlılar üçün narahatlıq subyekti olduğunu bildirib: “Bu gün Avropanın özü qaçqınlardan əziyyət çəkir. Amma Azərbaycan 25 ildən çoxdur ki, 1 milyondan çox qaçqın və məcburi köçkünü təmin edir. Hansı ki, onlar neçə ildir Ermənistanın onların işğal etdiyi yurdlarından çıxmasını və geri qayıtmalarını tələb edirlər”. S.Qasımov münaqişə nəticəsində Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı və işğalla bağlı faktlardan ibarət nəşr və diskləri qurum rəsmilərinə təqdim edib.
Yaşar Niftəliyev də Dağlıq Qarabağ münaqişəsinin uzanmasının ATƏT üçün ciddi mənfi hal olduğunu və indiyə qədər ciddi addım atılmamasının qurumun nüfuzuna zərərli olduğunu bildirib.
M.Valetski təqdim olunan materialın onlar üçün maraqlı olduğunu bildirərək Azərbaycanla bütün məsələlərdə müzakirələrə hazır olduqlarını bildiriblər.
Rövşən Tağıyev isə çıxış edərək Avropa ölkələrində son 50 ildə təsis olan demokratik təsisatların Azərbaycanda artıq 100 il əvvəl yarandığını xatırladaraq bəzi təşkilatların Azərbaycanı bu məsələdə sərt ittihamlarına etiraz etdiklərini bildirib: “Bu ay mənim vətənimdə şərqdə yaranan ilk demokratik respublikanın 100 illiyi qeyd olunur. Şərqdə, hətta bəzi Avropa ölkələri ilə nisbətdə Azərbaycan qadına ilk səsvermə hüququnu verən ölkə olub. Yəni bizim vətəndə demokratik təsisatlar var. Bunu daha da inkişaf etdirməyin yolu isə Azərbaycana radikal, ikili münasibət sərgiləməkdən keçmir. Avropada yaşayan azərbaycanlılar vətəndaşı olduğumuz ölkələr ilə tarixi vətənimiz arasında ədalətli münasibəti tələb edirlər”.
Arzu Muradlı isə DTİHB Azərbaycanla əməkdaşlığının qurumun tarixi vətənlərini ikili standartları dayandıracaqları halda, məhsuldar olacağını xatırladıb.
Marçin Valetski Azərbaycanda demokratik quruluşun və qadına səs vermə hüququnun verilməsinin 100 ili tamam olmasını tarixi hadisə kimi dəyərləndirərək qadın hüquqları ilə bağlı nəşrlərini hədiyyə olaraq A.Muradlıya təqdim edib.
Ömər Fişer də çıxış edərək DTİHB bürosunun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirərək AAK-ın bu məsələdə fəal rol oynayacağına ümid edib.
S.Qasımov isə bildirib ki, qurumun seçki ilə bağlı yekun rəyi bəyan olunarkən Avropada yaşayan azərbaycanlıların qeyd olunan narahatlığı nəzərə alınacağına və müsbət rəyin şahidi olacaqlarına ümid etdiklərini bildirib. AAK adından ATƏT/DTİHB-yə narahatlıqlarını ifadə edən bəyanat da təqdim olunub.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib. Avropada Azərbaycan təşkilatları ilə bağlı DTİHB-nin təklifləri səsləndirilib.