Bakı. 28 yanvar. REPORT.AZ/ Ukraynada azərbaycanlı diaspor təşkilatlarının Kiyevdə toplantısı keçirilib. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr aparılıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi daha səmərəli və faydalı nəticələr verə bilər.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd edib. O, təşkilatların bir çətir altında birləşməsini, Ukraynadakı Azərbaycan diasporunun inkişafını, daha səmərəli mexanizmlərin işlənib hazırlanmasını, diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşmasını və digər aspektləri vurğulayıb.
Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin də təşkilatların birliyinin və bir çətir altında fəaliyyətinin uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
Toplantıda çıxış edən Ukrayna Respublikasının xalq artisti Qurban Abbasov iştirakçıların diqqətini Azərbaycan mədəniyyətinin təbliğinə yönəldərək, bu sahədə birgə fəaliyyətin səmərəli olacağını deyib.
Tədbirdə iştirak edən Ukraynada prezidentliyə namizəd Roman Nəsirov da Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinə razılıq verməsinin təqdirəlayiq olduğunu deyib.
İştirakçılar “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və yaxın vaxtlarda təsis qurultayının keçirilməsi barədə razılığa gəliblər.
Sonra Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədi ilə yaradılmış İşçi qrupunun üzvü, hüquqşünas Eduard Bağırov “Ukrayna Azərbaycanlıları Radası”nın Nizamnaməsini və üzv təşkilatlar arasında imzalanacaq memorandumun mətninin son variantını iştirakçılara təqdim edib. İştirakçılar qeyd edilən əlavə və dəyişikliklərlə bu sənədlərin qəbul edilməsini məqsədəuyğun hesab ediblər.
Toplantıda UABD sədr müavini, Ukrayna Kikboksinq Federasiyası (UKF) vitse-prezidenti Elşad İbrahimov, sədr müavini Murad Cəfərov, Ukraynanın diaspor fəallarından Sərxoş İsmayılov, BUAK sədr müavini Qüdrət Hacıyev, Eldar Tağıyev, Firuz İbrahimov, Qulu İbrahimov, Yunus Əliyev, Könül Əhmədova, Fərhad Turanlı, Şakir Yahyayev, Namiq Talıbov, keçmiş səfir Tələt Əliyev, Səid Qadmalıyev, Əlimardan Kərimov, Ələddin Məhərrəmov və digrləri iştirak ediblər.
Müzakirələrdən sonra tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə 17-19 iyul 2018-ci il tarixdə səfəri zamanı, birgə fəaliyyət barədə qərar qəbul ediblər.