Tbilisi. 11 oktyabr. REPORT.AZ/ Gürcüstanın Dmanisi rayonunun azərbaycanlıların yaşadığı 4 kəndini rayon mərkəzi ilə birləşdirən 3 kilometrlik yol yararsız vəziyyətə düşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Hüseynçay, Salamməlik, Məhəmmədağalar və Məmişdilər kəndlərinin sakinləri 30 ildən çoxdur yolsuzluq problemindən əziyyət çəkirlər.
Kənd sakinlərinin sözlərinə görə, yol keçilməz olduğundan rayon mərkəzinə gedib-qayıdanda çətinliklərlə üzləşirlər. Yolun dağılmış, qumlu və palçıqlı olması səbəbindən uşaqların məktəblərə getməsi çətinləşir, maşınlar yolda qalır və rayon mərkəzindən təcili tibbi yardım maşınları və taksilər də kəndlərə gedə bilmirlər.
Yol problemi ilə bağlı sakinlər bir neçə dəfə Dmanisi rayon rəhbərliyinə müraciət etsələr də, bu günə qədər yolun təmiri ilə bağlı heç bir tədbir görülməyib.
Dmanisi rayonunun başçısı Giorgi Tatuaşvili jurnalistlərə açıqlamasında rayon mərkəzindən 4 kəndə gedən yolun acınacaqlı vəziyyətindən məlumatlı olduğunu bildirib: “Yolun bərpa olunması ilə bağlı artıq layihə hazırlanıb. Layihənin dəyəri 836 min lari təşkil edir. Bu həftə sonu yolun təmirinə başlanılacaq və beton örtüklə örtüləcək. Təmir işlərinin 4 ay müddətinə başa çatdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, Hüseynçay, Salamməlik, Məhəmmədağalar və Məmişdilər kəndlərində ümumilikdə 300-ə yaxın əhali yaşayır.