Zaqatala rayonunda zəlzələ zamanı qəzalı vəziyyətə düşən tarixi abidələr və məscidlər uzun illər təmir olunmadığından qəzalı və yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, rayonun Çobankol, Qımır və Bazar kəndlərində ötən əsrin əvvəllərində tikilən məscidlər 2012-ci ildə Şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşüb.
2100 nəfərin yaşadığı Çobankol kəndinin XIX əsrə aid olan bu məscidi tarixi abidə kimi dövlət tərəfindən qeydiyyata da alınıb. Amma ibadət evinin hazırkı vəziyyəti qənaətbəxş deyil. Kənd sakinləri deyirlər ki, son on ilə qədər bura onların ibadət etdiyi məkan olub. Amma qəzalı və yararsız vəziyyətə düşdüyündən məsciddə ibadət etmək əsl təhlükəyə çevrilib.
Zəlzələ zamanı qəzalı vəziyyətə düşən ikinci məscid Qımır kəndində yerləşir. 2000 nəfər sakini olan Qımır kəndinin bu məscidi 1912-ci ildə inşa edilib. Bir dəfəyə 200 nəfərin namaz qıldığı bu məscid də 2012-ci ilin mayından etibarən qəzalı vəziyyətdədir. Zəlzələ zamanı məscidin tavanı və divarları çatlayıb. Aidiyyəti qurumlar tərəfindən məscidin qəzalı olmasına görə giriş qadağan olunub. Bu kənddə də camaat namazları və digər dini ayinlər məscidin həyətində yerləşən əlavə tikilidə icra edilir.
Məscidlərdən ən çox qəzalı olanı isə 1000 nəfərin yaşadığı Bazar kəndində yerləşən və inşa tarixi 1907-ci ilə təsadüf edən məsciddir. Bu məscid digər iki məsciddən fərqli olaraq, demək olar ki, tamamilə dağılıb. Qapısına qıfıl vurulan Bazar kənd məscidində ibadət edənlər də həyətdə və digər yerlərdə namazlarını qılırlar.
Zaqatala Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, sözügedən məscidlərin vəziyyəti ilə bağlı məlumatlıdırlar: "2012-ci ildə baş verən zəlzələdən sonra Çobankol kənd məscidinə bərpa-gücləndirmə, Qımır və Bazar kənd məscidlərinə isə qəzalı rəyi verilib. Zəlzələ nəticəsində qəzalı olan fərdi yaşayış evlərinin tikintisi yekunlaşandan sonra ilkin olaraq bərpa-gücləndirmə yazılan sosial obyektlərə baxılacaq".