Müdafiə sənayesi naziri Vüqar Mustafayev "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində o, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.Sərgi zamanı V.Mustafayev Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Müdafiə sənayesinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edilən görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr edilib.
Daha sonra V.Mustafayevin İsrailin Müdafiə Nazirliyinin SİBAT təşkilatının Baş direktorunun müavini xanım Shahar Horev Rachela və Regional direktoru xanım Yana Sherman ilə görüşü baş tutub. Danışıqlar zamanı İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Nazir həmçinin Ruminya Respublikasının İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin aparatının rəhbəri Rizvan Pirkilibesku ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb. Qeyd edək ki, 3 gün davam edəcək “ADEX-2024” və "Securex Caspian" sərgiləri sentyabrın 26-da yekunlaşacaqdır.