Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb ABŞ-ın paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
Daxili siyasət
13 Dekabr , 2022 02:45
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyində anım günü ilə bağlı təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, xarici işlər nazirinin müavini Fariz Rzayev, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyət nümayəndələri və diplomatlar iştirak ediblər.

Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahim Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövrlərində Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıb. Diplomat Heydər Əliyevin hər kəsə nümunə olan ölməz ideyalarından söhbət açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur ulu öndərin zəkasının təcəssümü, onun əmanət qoyduğu milli tərəqqi ideyalarının qələbəsidir.

Xarici işlər nazirinin müavini Fariz Rzayev isə deyib ki, ümummilli liderin Heydər Əliyev parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Ümummilli liderin öz həyatını doğma xalqına həsr etdiyini deyən F.Rzayev əlavə edib ki, müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi Azərbaycan xalqını xilas edib. F.Rzayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Dəniz Limanın baş direktoru Taleh Ziyadov, səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov, diasporanın fəal üzvləri - tərcüməçi Həbib Azərsina, rəssam Əbülfəz Bahaduri, iş adamı Rob Sobhani ümummilli liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Son xəbərlər

Orphus sistemi