Tələbələrin səsvermədə iştirakı sahəsində Elm və Təhsil Nazirliyi ilə birgə işləmək lazımdır.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.
MSK sədrinin sözlərinə görə, tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır: “Səsvermə keçiriləndə tələbələr universitetlərdə olmurlar. Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da təhsil aldıqları universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun səs verə bilsinlər. Bakıda olan tələbələr məlumdur. Elm və Təhsil Nazirliyi siyahıları bizə təqdim etməlidir. Biz artıq ilkin addımları atmağa başlamışıq”.
M.Pənahov söyləyib ki, həmçinin Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi ilə bağlı işlərə başlanılıb: “Xaricdə yaşayan vətəndaşlarımız özlərinə yaxın diplomatik nümayəndəlikdə siyahıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək. Çalışmalıyıq ki, onların səsinə səs verə bilək”.