Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.
“Report"un məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov da tviter hesabında yürüşdən görüntülər paylaşaraq qeyd edib: "Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Milli Ordumuzla fəxr edirik”.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.