“Şuşa Könüllüləri” qrupuna qəbula start verilib

Daxili siyasət
  • 04 noyabr, 2022
  • 07:08
“Şuşa Könüllüləri” qrupuna qəbula start verilib

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Şuşa şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Şuşa Könüllüləri” qrupuna qəbul başlayıb.

"Report" xəbər verir ki, müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökü bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramına start verilib.

Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək, gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

8 noyabr - Zəfər Günü ərəfəsində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Şuşa Könüllüləri” qrupuna qeydiyyat başlayıb.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Şuşa rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qayidish.konullu.az saytından qeydiyyatdan keçə bilər. Seçilmiş gənclərin müvafiq təlim və hazırlıqlardan sonra Şuşa şəhərində könüllü fəaliyyətinə cəlb olunması planlaşdırılır.

Qeyd olunub ki, bununla bağlı noyabrın 14-ü son müraciət tarixidir.

Proqram çərçivəsində “Şuşa Könüllüləri” Şuşa şəhəri ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştirak edəcək, Şuşaya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.

Qeyd edək ki, bir müddət öncə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində “Ağdam Könüllüləri” qrupu fəaliyyət göstərir.