Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların Dövlət Bayrağına, eləcə də İkinci Qarabağ müharibəsinin milli şüurda Azərbaycanın Dövlət Bayrağının rəmzi mənasına gətirdiyi əlavə dəyərlərə ictimai münasibətini öyrənmək məqsədilə sorğu keçirib.
"Report"un məlumatına görə, respondentlərin 81.3%-i Dövlət Bayrağını görəndə qürur, təxminən hər on nəfərdən biri (10.7%) qələbə, 14.8% isə sevinc hissi yaşadıqlarını bildirib.
Böyük əksəriyyət (86%) üçün Dövlət Bayrağı Qarabağda qələbənin, hər üç nəfərdən biri (35.7%) üçün müstəqilliyin, seçmənin digər üçdə biri (31.5%) üçün isə dövlətçiliyin rəmzidir. Cəmi 25,5% bayrağı milli birliyin rəmzi kimi gördüyünü qeyd edib.
Bayrağın işğaldan azad olunan torpaqlarda dalğalandığını görmək (90.1%) və Ali Baş Komandanın qələbə xəbərlərini verməsi fonunda görmək (90%) respondentlərin mütləq əksəriyyətinin Dövlət Bayrağıyla qürur duymasının əsas səbəbidir.