Rektor: Qərbi Azərbaycanla bağlı dərs vəsaitləri nəşr olunacaq
- 22 dekabr, 2025
- 11:26
BDU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycanla bağlı dərs vəsaitlərinin nəşr olunmasını qarşısına məqsəd qoyub.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetdə baş tutan "Böyük yolun davamı" adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu mərkəz elmi tədqiqatların aparılmasına, müvafiq təlimlərin keçirilməsinə, maddi və qeyri-maddi mədəni irsin araşdırılmasına çalışır:
"Mərkəz bu irsin müxtəlif toplular, kitablar və zərurət olduqda dərs vəsaitləri şəklində nəşr olunmasını qarşıya məqsəd qoyub. Əlbəttə, bu, bir günün işi deyil. Bu proses davamlı xarakter daşıyır və qeyd olunan istiqamətdə hamımızın birlikdə fəaliyyət göstərməsi ən vacib şərtlərdən biridir".