Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Aparatının Gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev olub.
O, Qərbi Azərbaycan İcmasının gənclərlə bağlı gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söhbət açıb. Bildirib ki, ümumilikdə ölkə gəncliyi, o cümlədən əslən Qərbi Azərbaycandan olan yeniyetmə və gənclər öz bilikləri, bacarıqları, istedadları ilə İcmanın işinə böyük dəstək olurlar.
A.İrzaquluyev deyib ki, 2024-cü ilin mart ayında İcmanın Gənclər Şurasında keçirilən geniş tərkibli görüşdə Qərbi Azərbaycanın 22 rayonu və kəndləri üzrə gənclərlə işləyəcək məsul şəxslər müəyyənləşdirilib: “Gənclərlə işin koordinasiyalı şəkildə qurulması üçün digər zəruri addımlar atılıb, müxtəlif ali təhsil müəssisələrində çoxsaylı görüşlər keçirilib. Tədbirlər planına uyğun olaraq hazırda da bu istiqamətdə işlər davam etdirilir. Sevindirici haldır ki, əslən Qərbi Azərbaycandan olan gənclər İcmanın təşkil etdiyi tədbirlərdə könüllü şəkildə, sevə-sevə iştirak edirlər. Onlar yeni təşəbbüs və ideyalar irəli sürürlər. Tarixi torpaqlarımıza qısa zamanda qayıtmaq onların ən böyük arzusudur”.
A.İrzaquluyev il ərzində gənclərlə bağlı keçirilən tədbirlərə digər nümunə kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə reallaşan futbol turnirini xüsusi qeyd edib:
“20-dən artıq komandanın yarışdığı turnirdə hər bir rayonun tarixi adı onu təmsil edən yığma üzvlərinin futbol geyimləri üzərində əks olunmuşdu. Yekun olaraq qalib Qafan komandası olsa da, ümumilikdə qalib Qərbi Azərbaycan və bu ideya ətrafında toplaşan insanlar oldular. Turnirdə kütləvilik təşkil edildi, idman yarışı üzərindən maarifləndirici aksiya uğurla həyata keçirildi. Bundan başqa, cari il ərzində diaspor gənclərinin və tələbələrin düşərgələri də təşkil olunub, Qərbi Azərbaycanla bağlı olimpiada keçirilib.
Diaspor gənclərinin Laçın görüşü hətta Ermənistanda da ciddi rezonansa səbəb olub. Bütün bu tədbirləri təşkil etməkdə məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmaq, onları məlumatlandırmaqdır. Bu prosesin uğurlu alınması üçün müxtəlif qeyri-hökumət təşkilatları və könüllülərin dəstəyindən də yararlanırıq. Bu il ərzində yaddaqalan hadisələrdən biri də qəbul imtahanlarında 600-dən artıq bal toplayan 150-yə yaxın Qərbi azərbaycanlı gənclə keçirilən görüş oldu. Eləcə də Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə rayon üzrə bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib. Təkcə bu rayon üzrə 800 gənc tələbə adını qazanıb. Onlarla aparılan söhbətlər bir daha göstərir ki, Qərbi Azərbaycanda tarixən elmə, biliyə, savada olan maraq bu gün də aktuallığını qoruyub saxlayıb”.
A.İrzaquluyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçısının öz ad gününü İcma nümayəndələri ilə keçirməsi soydaşlarımıza böyük ümid bəxş edib. O, ata-baba yurdu Dərələyəz mahalı Keşişkənd rayonu Ələyəz kəndindən də söhbət açıb. Valideynlərinin 1988-ci ildə zorla bu kənddən deportasiya olunduğunu, didərginlik həyatı yaşadığını qeyd edib. Bildirib ki, vaxtilə Qarabağı bələkdə məcburi köçkün kimi tərk edən uşaqlar 2020-ci ildə tanklar üstündə oranı işğaldan azad etdiyi, geriyə qayıtdığı kimi, Qərbi azərbaycanlı gənclər də dinc şəkildə, sülh və əmin-amanlıq şəraitində tarixi torpaqlarımıza qayıdacaq, doğma yurda yeni ruh, həyat gətirəcəklər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.