Qərbi Azərbaycan Xronikası: “Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib”

Qərbi Azərbaycan Xronikası: “Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib” Professor Könül Bünyadzadə: “Ermənilər azərbaycanlılara ərə gedən qızlarını övladlıqdan çıxarırdılar”
Daxili siyasət
19 Avqust , 2024 23:28
Qərbi Azərbaycan Xronikası: “Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə olub.

O, ata-baba yurdu olan Göyçə mahalından, Kəsəmən, Qanlı, Zod, Sədənağac kəndlərindən, orada yaşayan insanların həyat tərzindən, qayğılarından söhbət açıb. Uşaqlıq xatirələrinin Kəsəmən kəndi ilə daha çox bağlı olduğunu dilə gətirən alim bu yaşayış məntəqəsini tez-tez yuxularında gördüyünü vurğulayıb. Ümumilikdə Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında təhsilə, elmə böyük maraq olduğunu söyləyib. Təəssüflə qeyd edib ki, bu maraq müqabilində rəhbərlikdə təmsil olunan ermənilər ali təhsilli azərbaycanlı kadrların işlə təmin olunmasına şərait yaratmayıblar. Nəticədə azərbaycanlı gənclər doğma el-obanı tərk etmək məcburiyyətində qalıblar. Bu isə Qərbi Azərbaycanda soydaşlarımızın, xüsusən də rəhbər vəzifədə təmsil olunan azərbaycanlıların sayının tədricən azalmasına səbəb olub.

Professorun sözlərinə görə, bu, erməni millətçiləri tərəfindən düşünülmüş, məqsədli siyasət olub. Hətta ermənilər azərbaycanlılara ərə getmiş qızlarını övladlıqdan çıxarıblar. Bununla onlar azərbaycanlılara münasibətdə ayrı-seçkiliyi, diskriminasiyanı büruzə veriblər. O, tarixən soydaşlarımızın yaşadığı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinin, tarixi abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasının da bununla əlaqəli olduğunu dilə gətirib. Deyib ki, təkcə Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib. Beləliklə haylar tarixi izləri silməyə çalışıblar.

K.Bünyadzadə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyalara da diqqət çəkib. Valideynlərinin söylədiklərinə istinad edən müsahib bildirib ki, Basarkeçərdə ermənilər azərbaycanlıları tövlələrə salıb qəddarlıqla qətlə yetiriblər. O illərdə erməni vəhşiliyinin qurbanı olan günahsız azərbaycanlıların meyitlərinin qalıqları isə sonrakı dövrdə müxtəlif yaşayış məntəqələrində aparılan qazıntılar zamanı kütləvi məzarlıq şəklində üzə çıxıb.

Ata-babasının 1948-1953-cü il, yaxın qohumlarının 1988-ci il deportasiyasına məruz qaldığını xatırladan alim onu da əlavə edib ki, həmin dövrlərdə də Qərbi Azərbaycandakı soydaşlarımız böyük faciələrə, fiziki-mənəvi işgəncələrə məruz qalıblar. Onun sözlərinə görə, 1988-ci il hadisələri ərəfəsində Zod qızıl mədənində işləyən azərbaycanlılara qarşı qəsd edilib, sonra isə bu, bədbəxt hadisə kimi qələmə verilib. Köç prosesində isə azərbaycanlılara məxsus maşın karvanlarına hücumlar təşkil olunub.

AMEA-nın müxbir üzvü Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin erməni vandalları tərəfindən məhv edildiyinə xüsusi diqqət çəkib. Bildirib ki, hayların mədəniyyətimizə qarşı törətdiyi soyqırımını elmi əsərlərlə dünya ictimaiyyətinə çatdırmaq istəyir. Alim sonda vurğulayıb ki, əgər azərbaycanlılar didərgin düşdükləri Qarabağa otuz ildən sonra qayıda biliblərsə, gələcəkdə Qərbi Azərbaycana da qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 19-da saat 19:30-da "Baku TV-nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi