Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi təklif edilir
- 27 noyabr, 2026
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədsiz evlərin mərhələli rəsmiləşdirilməni və bununla bağlı vahid dövlət proqramının hazırlanmasını təklif edib.
"Report" xəbər verir ki, o, bu barədə Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı danışıb.
Komitə sədri bildirib ki, Bakı və Abşeronda dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan araşdırmada sorğuda iştirak edən ailələrin 33,2 %-nin sənədsiz evlərdə 20 ildən artıq, 36,8 %-nin isə 10 ildən 20 ilə qədər yaşadığı müəyyən edilib. Onun sözlərinə görə, sorğuda iştirak edən ailələrin təxminən 70 %-i on ildən çoxdur eyni ünvanda yaşayır.
Araşdırmanın nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 27,9 %-nin aylıq gəliri 400 manat və ya daha az, 35,6 %-nin isə 400–1000 manat arasındadır.
Z.Oruc sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsinin aztəminatlı və orta gəlirli ailələr olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsinin sahəsi 51–150 kvadratmetrdir. Evlərin 60 %-ni sakinlər özləri tikib, 27 %-ni isə satın alıb. Komitə sədri bu səbəbdən bütün evlərə eyni hüquqi yanaşmanın mümkün olmadığını vurğulayıb.
Z.Orucun sözlərinə görə, 2023-cü ilədək tikilən sənədsiz evlərin hamısına elektrik, 98 %-nə qaz, 88 %-nə su xətti çəkilib, 47 %-i isə mərkəzləşdirilmiş kanalizasiyaya qoşulub.
Komitə sədri evlərin və torpaqların vahid bazada inventarlaşdırılmasını, qeydiyyata yararlı olanların məhkəməyə müraciət etmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini təklif edib. Təklifə əsasən, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda qalmalı, həmin ərazilərdə yaşayanlara alternativlər təqdim edilməlidir.
Zahid Oruc rəsmiləşdirmə prosesinin yeni qanunsuz tikintilərə yol açmamalı olduğunu da vurğulayıb. O, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasını əmlakın dövlət qeydiyyatı sahəsində qərarlar qəbul etmək üçün fürsət hesab edir.