Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Report” xəbər verir ki, “10 noyabr razılaşması bir yox, iki dəhlizin verilməsini tələb edir” adlı süjetdə Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Qaliçyanın Zəngəzur dəhlizi Azərbaycanın planlarına uyğun açılarsa, bu, Ermənistanın parçalanması ilə nəticələnə bilər” fikrinə yer verilir.
Onun sözlərinə görə, Meğri və İstisu (Cermuk) vasitəsilə Azərbaycana dəhliz verilsə, Ermənistan iki hissəyə bölünəcək və əlaqə itəcək: “Nəticədə Zəngəzur bölgəsi Azərbaycanın nəzarətinə keçəcək. Buna görə xilas yolu Azərbaycanın Naxçıvana çıxış üçün istədiyi yolu verməkdir. Bu, dəhliz yox, yol olmalıdır”.
Bildirilir ki, Qaliçyan Ermənistan hakimiyyətinin sifarişi ilə Qərbi Azərbaycan reallığına qarşı saxta iddiaların istehsalı ilə məşğuldur: “Onun rəhbərliyi ilə uydurma iddiaların yer aldığı “Azərbaycanın 2014-cü ildə milli atlasının tarixi xəritəsi və Qərbi Azərbaycan uydurma termininin araşdırması” adlanan kitab çap olunub. İndi Qaliçyanın iki dəhlizin verilməsi ilə bağlı Ermənistan hökumətinə tövsiyə xarakteri daşıyan bu çıxışı diqqət çəkir”.
Süjetdə qeyd olunur ki, 10 noyabr razılaşması bir yox, iki dəhlizin verilməsini tələb edir. Ermənistan təkcə Mehridəki yox, ikinci dəhlizin açılması ilə bağlı da üzərinə öhdəlik götürüb: “Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərindən imtina edən Ermənistan anlayır ki, Bakının Naxçıvana maneəsiz keçid tələbini icra etməsə, bölgədə heç nəyə nail ola bilməyəcək və “dalan ölkə” kimi gələcəyi də sual altına düşəcək. Buna görə də vəziyyətdən “çıxış yolları” axtarır. Altında Paşinyanın da imzası olan 10 noyabr razılaşmasının 9-cu bəndini gündəmdən çıxarmağa çalışan Ermənistanın əsas məqsədlərdən biri Rusiyanın Zəngəzur dəhlizində iştirakının qarşısını almaqdır. Bu prosesdə Qərbin dəstəyinə güvənən Ermənistan həm də Bakı və Ankara ilə “razılaşmağa” çalışır.
Erməni politoloq Arman Qukasyan Paşinyan hakimiyyətinin Türkiyənin vasitəçiliyini və Azərbaycana dəhlizin verilməsini qəbul etdiyini deyib: “Zəngəzur dəhlizinin açılması regional siyasətdə getdikcə daha çox əhəmiyyət kəsb edir. Türkiyə dəhlizin reallaşması ilə bağlı irəliləyişlərin olduğunu ən yüksək səviyyədə dilə gətirir”.
Rusiyalı politoloq Andrey Areşevin də bildirib ki, Bakı, Ankara və İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər intensiv danışıqlar gedir.
Sonda vurğulanır ki, Ermənistanın çıxış yolu qalmayıb və bütün variantlarda Azərbaycanın tələblərini bu və ya digər formada qəbul etməsini yaxşı anlayır: “Proseslərin Qərbi Azərbaycan coğrafiyasında baş verməsi isə tarixi torpaqlarımıza qayıdışı hər keçən gün daha da yaxınlaşdırır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.