"Mənəvi dəyərlər həftəsi"nin iştirakçıları Şuşada olublar - YENİLƏNİB

Daxili siyasət
  • 12 oktyabr, 2025
  • 17:42
Mənəvi dəyərlər həftəsinin iştirakçıları Şuşada olublar - YENİLƏNİB

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər həftəsi" davam edir.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, "Mənəvi dəyərlər həftəsi" çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri mədəniyyət paytaxtı Şuşa şəhərində yerləşən bir sıra tarixi, dini və mədəni abidələri ziyarət ediblər.

Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yaşayış infrastrukturunun yenidən qurulması, məscidlərin, ziyarətgahların və digər dini-mədəni obyektlərin restavrasiyası barədə məlumat alıblar.

Qeyd edək ki, tədbir iştirakçıları həmçinin Qarabağ Universitetində olacaq, Xocalı rayonunun Ballıca kəndində Universitet tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.

Lahiyə iştirakçıları daha sonra Laçına səfər edəcək, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, eyni zamanda Ağdam "Cümə" məscidini, Ağdam İmarət Kompleksini və Bərdə rayon "İmamzadə" məscidini ziyarət edəcəklər.

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər" həftəsi başlayıb.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Öncə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim heyəti 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər Zəngilan rayonu istiqamətində davam etdirilib, iştirakçılar şəhərdə yerləşən məscidi ziyarət ediblər. Ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib. Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar.

Layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti