Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtın Səbail rayonunun 189-190 nömrəli tam orta məktəbi və H.Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar elmlər liseyinin şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyasi təşkil edilib.
"Report" xəbər verir ki, tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkili, həmçinin onların dünyagörüşünün inkişaf etdirilməsi, Azərbaycanın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəldilməsi, məktəbliləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.
Bələdçilər məktəbliləri muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişindən bu günümüzə qədər olan dövrü özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla tanış edib, onların suallarını cavablandırıblar.
Ekskursiya zamanı məktəblilərə Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr edilən ekspozisiyadakı sənədlər, şəhidlərin şəxsi əşyaları, müxtəlif hərbi atributlar nümayiş etdirilib. Burada həm də Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının müzakirəsi keçirilib.