Rəqəmsal səhiyyə xidmətlərinin geniş miqyasda tətbiqi internetə və rəqəmsal texnologiyalara çıxışı olmayan bəzi həssas əhali qrupları üçün səhiyyə xidmətlərinin göstərilməsində müəyyən məhdudiyyətlər yaradır.
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “İnsan hüquqları müdafiəsinin problemləri: Ombudsmanların müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda təşkil olunan VIII beynəlxalq elmi-praktiki konfransda deyib.
Ombudsman 60-a yaxın ölkənin ombudsmanlarının və milli insan hüquqları institutlarının (MİHT) rəhbər və nümayəndələrinin iştirak etdiyi tədbirdə “Səhiyyə sahəsində insan hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda çıxış edərək, vurğulayıb ki, dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur. O, hesab edir ki, bunun həlli kompleks yanaşma tələb edir.
S.Əliyeva həmçinin səhiyyə xidmətlərinə bərabər çıxışın vaxtında təmini ilə bağlı problemlərin araşdırılmasında, normativ-hüquqi aktların qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsində MİHT-lərin rolundan danışıb.
Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin insan hüquq və azadlıqlarının kütləvi pozulmasına səbəb olduğunu deyən Ombudsman Azərbaycanın da uzun illərdir bu problemdən əziyyət çəkdiyini qeyd edib. O, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda ətraf mühitə ziyan vurduğunu, su resurslarını kimyəvi tullantılarla çirkləndirdiyini, ekosid, urbisid cinayətləri, mina terroru törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil işğal dövründə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsinin həmin bölgədə yaşayan insanların həyat və sağlamlığına, eləcə də sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə yaratdığını bildirib.
Səbinə Əliyeva, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini söyləyərək bununla bağlı cari ilin oktyabr ayında “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun təşkil olunduğunu, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların həlli yolları barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.