Nazir müavini: Bu gün bir icra məmurunun ortalama iş yükü 2800-2900 icra sənədidir
- 04 iyul, 2025
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün bir icra məmurunun ortalama iş yükü 2800-2900 icra sənədidir.
“Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu da icra məmurlarına icra sənədlərinin vaxtında lazımi qaydada icra edilməsinə bir az çətinliklər yaradır:
"Xüsusi icra məmurlarının dəstəyi ilə bu iş yükünün xeyli sayda azalmasına kömək olacaq".
Nazir müavini eyni zamanda əlavə edib ki, yeni layihənin məqsədi mövcud olan dövlət icra sisteminə dəstək vermək, xarici təcrübədə özünü doğrultmuş xüsusi icra fəaliyyətinin Azərbaycanda da tətbiqini təmin etməkdir:
"Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədi mövcud olan dövlət icra sisteminə dəstək vermək, xarici təcrübədə özünü doğrultmuş xüsusi icra fəaliyyətinin ölkəmizdə də tətbiqini təmin etməkdir. Bütövlükdə bu institut icra sisteminə çox mühüm dəstək verəcəkdir. Yeni qanun layihəsi ilə xüsusi icra məmurlarına məcburi icra orqanı statusu verilir. Onlar bu qanun layihəsində nəzərdə tutulan məhkəmə və digər orqanların qərarlarının icrası üçün tam səlahiyyətləndiriləcəklər. Bu baxımdan onların statusu dövlət icra məmurlarının statusuna bərabərdir, dövlət icra məmurları üçün nəzərdə tutulan bütün icra mexanizmləri eyni zamanda xüsusi icra məmurları üçün də nəzərdə tutulur".
T.Hüseynov vurğulayıb ki, bu səlahiyyətlər təkcə borcluların əmlak gəlirləri ilə bağlı tədbirlər görmək hüququ ilə məhdudlaşmayacaq:
"Həmçinin onlara qərarın icrasından yayınan, icra məmurunun tələblərini yerinə yetirməyən şəxslər barəsində inzibati məsuliyyətlə bağlı tədbirlər görmək, məhkəmə qərarlarının icrasına qərəzli münasibət göstərən şəxslərin cinayət məsuliyyətinə cəlbi üçün məsələ qaldırmaq kimi səlahiyyətlərin verilməsi də nəzərdə tutur. Dövlət icra məmurlarında olduğu kimi, müzakirə edilən qanun layihəsi də qərarların icrası ilə bağlı xüsusi icra məmurunun tələblərinin bütün fiziki və hüquqi şəxslər, müəssisə, idarə və təşkilatlar üçün məcburi olduğunu müəyyən edir, bütün aidiyyəti şəxslərdən qərarların icrasına hörmətlə yanaşmağı tələb edir".
O qeyd edib ki, xüsusi icra məmurlarının peşə bacarıqlarının formalaşdırılması və inkişafı daim diqqət mərkəzində saxlanılacaq, onların fəaliyyətinin təşkili, həyata keçirilməsi ciddi şəkildə nəzarət mexanizmlərindən keçiriləcək və davamlı monitorinq olunacaqlar.