Naxçıvanda “Bir millət, iki dövlət" forumu keçirilib - YENİLƏNİB

Naxçıvanda “Bir millət, iki dövlət" forumu keçirilib - YENİLƏNİB Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidenti
Daxili siyasət
26 Oktyabr , 2023 20:16
Naxçıvanda “Bir millət, iki dövlət forumu keçirilib - YENİLƏNİB

Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bir millət, iki dövlət" forumu keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən forumda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Türkiyə xalqının milli lideri Mustafa Kamal Atatürkün, Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycan-Türkiyə dostluq və qardaşlığını əks etdirən qısa filmlər nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, “Şərqin qapısı” Naxçıvanda türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyi ilə yanaşı, həm də qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü qeyd edirik.

Vurğulanıb ki, milli liderlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün müəyyənləşdirdiyi, bu gün isə hər iki ölkə Prezidentlərinin iradəsi ilə davam və inkişaf etdirilən Azərbaycan-Türkiyə qardaşlığı forumun əsas ideyasını təşkil edir. Türkiyə xalqının milli lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, - fikirlərini “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yeni mərhələyə yüksəldən Ümummilli Liderimiz Heydər Əliyev xalqlarımızın milli-mənəvi dünyasının bir-biri ilə sıx bağlılığını Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında əsas faktor kimi götürüb. Ümummilli Liderimiz Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini ölkəmizə rəhbərliyi dövründə daha da möhkəmləndirib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli enerji və nəqliyyat layihələrinin əsası qoyulub, xarici ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə etdiyi müxtəlif səviyyəli səfərlər Ulu Öndərin xarici siyasət konsepsiyasında qardaş ölkəyə verdiyi əhəmiyyətin daha bir göstəricisidir.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, bu gün ortaq kök, dil və din birliyi ilə yanaşı, qarşılıqlı maraqlara xidmət edən ikitərəfli siyasi münasibətlər və strateji tərəfdaşlıq da ölkələrimiz arasındakı əlaqələrin mahiyyətini tam ifadə edir. Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsindədir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf etdirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni reallıqlar bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda sabitliyin əsas təminatıdır. Bunların davamı kimi ötən ay - sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Naxçıvanda görüşməsi, İğdır-Naxçıvan Qaz Kəmərinin təməlinin qoyulması və həyata keçirilən digər tədbirlər də mühüm tarixi hadisəyə çevrildi.

Fuad Nəcəfli “Bir millət, iki dövlət” forumunun işinə uğurlar arzulayıb, təşkilatçılara və iştirakçılara təşəkkür edib.

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar Bakıdan başlayan forumun Naxçıvanda davam etdirildiyini və Ankarada başa çatacağını bildirərək böyük mesaj verdiyini diqqətə çatdırıb. Təmsil etdiyi qurumun fəaliyyətindən söz açan Aygün Attar fondun 26 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən fond Heydər Əliyev irsinin təbliğində müstəsna rol oynayır.

Natiq Naxçıvanın geostrateji və coğrafi əhəmiyyətindən də söz açaraq vurğulayıb ki, Zəngəzur dəhlizi bölgədəki xalqların rifahını daha da artırmaqla yanaşı, sülhün də bərqərar olmasında çox önəmli rola malik olacaq.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Adil Əliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd etdiyimiz 2023-cü ilə bir başqa tarixi də əlavə etdik. Azərbaycan 100 illik problemə - erməni separatizminə son qoydu. Azərbaycan ərazi bütövlüyünü təmin etdi, Qarabağ üzərindəki suverenliyini bərpa etdi. Bu, Azərbaycan və türk dünyası tarixinə qızıl hərflərlə yazılacaq.

“TÜRKSOY”un baş katibinin köməkçisi Seyid Yusif qeyd edib ki, biz fərqli bölgələrdə yaşasaq da, bir bütövün hissələriyik. Azərbaycan-Türkiyə dostluğu dosta sevinc, düşmənə göz dağı olmaqla bütün türk dünyasına önəmli qardaşlıq, birlik mesajları verir.

Forumda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun videomüraciəti yayımlanıb. Qardaş ölkələrimizin dövlət başçılarının Naxçıvana sonuncu səfərini xatırladan Fəxrəddin Altun nəqliyyat və enerji sahələrində əldə olunan yeni razılaşmaların Zəngəzur dəhlizi ilə daha da inkişaf edəcək münasibətlərimizdə yeni üfüqlər açacağını diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafında ümummilli liderimizin önəmli rolundan söz açıb, forumun təşkilində fəal iştirakına görə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attara təşəkkürnamə təqdim edib.

İğdır valisi Ərcan Turan Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb, forumun təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.

Forum Türkiyənin Girəsun Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, professor Yalçın Sarıkayanın moderatorluğu ilə “Zəngəzur dəhlizi və bölgəyə təsiri” adlı panel müzakirələri ilə öz işini davam etdirib.

Ehtiyatda olan polkovnik Atilla Gülər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə “Qafqaz: Zəfər, xəyanət və hüzn (1918-1919)” kitabını təqdim edib.

Sonda səlahiyyətli nümayəndə və forum iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

15:32

Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Bir millət, iki dövlət" Forumu keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev, “TÜRKSOY”un baş katibinin köməkçisi Seyid Yusif, Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi