Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 21 Sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh və sabitliyin təmin olunmasının dövlətlərin inkişafında rolu” mövzusunda tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Şəhər İcra Hakimiyyətinin, müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən vətəndaş cəmiyyəti institutları iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasında dövlət siyasətinin regionda sülhün bərqərar olmasına yönəldiyini və bu kursun ardıcıl olaraq aparıldığını, ölkəmizdə multikultural və tolerant dəyərlərə hər zaman önəm verildiyini vurğulayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə davam etdirən Ombudsman Günay Rzayeva ölkəmizdə insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh mədəniyyətinin təbliği, Azərbaycanda sülh mədəniyyətinin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri, eləcə də onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və bu istiqamətdə görülmüş işlər barədə danışıb.
Ombudsman aparatı tərəfindən hazırlanmış “Sülh və sabitlik” adlı videoçarx nümayiş olunduqdan sonra Ombudsman aparatının baş məsləhətçisi Aysel Nəcəflinin "Sülh insan hüquqlarının qorunmasının və inkişafının zəruri şərtidir”, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsa Allahverdiyevin “Azərbaycan regionda sülhün təminatçısıdır”, Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Elçin Qənbərovun “Sülh və sabitliyin təmin olunması” mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.