Moldova seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər.
"Report" xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Vitali Jakot deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri artıq ikinci dəfədir müşahidə edir.
“Qeyd etmək istərdim ki, bu, mənim seçkilərdə iştirakla bağlı ikinci təcrübəmdir. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkilərini izləmişəm. Seçkilər zamanı baş verən prosesləri, bütün incəlikləri və nüansları çox dərindən öyrənməyə çalışdım. Monitorinq zamanı həm infrastruktur məsələlərinə, həm də məntəqə daxilindəki ab-havaya diqqət yetirdim. Eyni zamanda məni seçicilərin məlumatlılığı da maraqlandırırdı”, - V.Jakot bildirib.
Deputatın sözlərinə görə, seçki məntəqələrində səsvermə prosesi son dərəcə şəffaf keçib, seçicilər konstruktiv dialoqa açıq olub.
“Hər şey çox yaxşı planlaşdırılmış və təşkil olunmuşdu. Deyə bilərəm ki, bu seçkilərlə bağlı bütün gözləntilərim özünü doğrultdu”, - V.Jakot vurğulayıb.