Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin doğum günü - 65 illik yubileyidir.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Milli Qəhrəmanın doğum günü 31 illik fasilədən sonra ilk dəfə dünyaya göz açdığı Qubadlı rayonunun Qəzyan kəndində məzarı başında yad edilib.
Ziyarətdə şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Ə.Əliyevin atası Yusif Əliyevin də məzarı ziyarət olunub. Ziyarətçilər Azərbaycanın əfsanəvi Milli Qəhrəmanı ilə bağlı xatirələrini bölüşüblər.
"Nənəmin və anamın ağlamaq səsini eşidəndə atamın şəhid olduğunu hiss etdik"
Şəhidin oğlu Emin Əliyev atası şəhid olanda 10-11 yaşında olduğunu söyləyib: "Axşamüstü idi, hava qaralmağa doğru gedirdi. Həyətimizə çoxlu maşınlar gəlirdi. Doğrusu, ilk olaraq nə baş verdiyini bilmirdik. Çünki atamı hamı tanıyırdı və yaxın çevrədə çox böyük hörməti var idi deyə, həmişə evimizi qonaq-qaralı olub. Ona görə camaatın bu gəlişini adi qəbul etdik. Amma qısa vaxt ərzində gələnlərin sayının daha da artması bizi təəccübləndirirdi. Uşaq olsaq da artıq bu toplaşmanın yaxşı bir əlamət olmadığını hiss etdik. Sonradan nənəmin və anamın ağlamaq səsini eşidəndə atamın şəhid olduğunu bildik. Uşaq olsaq da bunun nə demək olduğunu yaxşı bilirdik, ona görə də atamızın şəhid olması xəbəri sanki dünyanı başımıza uçurdu".
E.Əliyev 31 il əvvəl atasının dəfni zamanı məzarı üzərində deyilən sözləri hər zaman xatırladığını vurğulayıb. Onun sözlərinə görə, mərasim zamanı hər kəs Ə.Əliyevin müharibədə nümayiş etdirdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söz açıb: "Yas mərasimində iştirak edənlər danışırdı ki, artıq Əliyar yoxdursa, bu istiqamətdə ermənilər daha çox aktivləşəcək. Bir ağsaqqal hətta demişdi ki, Əliyar Əliyev şəhid olubsa, deməli, bu rayonlar da gedəcək. Yəni atamın şəhid olması insanlarda bir ruh düşkünlüyü yaratmışdı. O illər atamın barəsində olan həqiqətlər dillərdə əzbər olmuşdu. Hamı deyirdi ki, Əliyar sağ olsaydı, bu yerlərdən bir qarış torpaq da belə gedə bilməzdi".
"Ermənilər atamın məzarını dağıdıb yerlə yeksan etmişdilər"
E.Əliyevin sözlərinə görə, Qubadlı işğaldan azad olunduqdan sonra atasının məzarını ziyarət edib və məzarın ermənilər tərəfindən dağıdıldığının şahidi olub. O bildirib ki, ermənilər hətta qəbirlər üzərində də öz vəhşiliklərini və barbarlıqlarını nümayiş etdiriblər: "İşğaldan sonra biz buraya gələndə gördük ki, məzarlıqda bütün qəbirlərin baş daşları dağıdılıb. Atamın və onun silahdaşının da qəbir daşları yerlə yeksan edilib. Amma buna baxmayaraq, işğaldan sonra biz qəbirin üstünü bərpa etdik".
O söyləyir ki, atası övladlarını hər zaman daha aktiv, daha fəal və hər zaman öndə görmək istədiyini deyirmiş: "Atamın arzularını yerinə yetirməyə çalışdıq və bu gün də çalışırıq. Baxmayaraq ki, mən özüm Bakı Dövlət Universitetində hüquq fakültəsini bitirmişəm, amma hərbi sahədə çalışmağa daha çox üstünlük verdim. Buna görə də öz fəaliyyətimə II Ordu Korpusunda xidmət keçməklə davam etdim. Çünki Əliyar Əliyevin yarımçıq qalan arzularını onun övladları davam etdirməli idilər. Mən də bu yolu qürurla davam eləmək qərarına gəldim. Xidmətim dövründə 2016-cı ilin aprel döyüşlərində iştirak etdim. 44 günlük Vətən müharibəsində də iştirak etdiyim üçün çox xoşbəxtəm. Çünki atamın yarımçıq qalan arzularını mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdəki iştirakımla tamamlamağa çalışdım".
"Atamın yolunu davam etdirsəm də, onun ucaldığı zirvəyə çata bilmədim"
Şəhidin oğlu Vətən müharibəsində bir çox yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdiyini xatırladıb: "Torpaqlarımızın hər qarışı azad olunanda sanki atam mənimlə çiyin-çiyinə o döyüş yollarında mənə yol göstərirdi. Qubadlının azad olunması uğrunda gedən döyüşlər isə söz yox ki, mənim üçün daha ciddi və məsuliyyətli idi. Çünki uşaqlığımı doyunca yaşamadığım doğma rayonuma, kəndimə qədəm qoyurdum. Ən əsası burada atamın məzarını görəcəkdim. Qubadlı döyüşləri mənim üçün daha çox həyəcanlı anlar yaşadırdı. İnanıram ki, bu gün atamın ruhu şaddır. Amma ona görə üzülürəm ki, onun ucaldığı şəhidlik zirvəsinə mən ucala bilmədim. 16 illik xidmətim dövründə hər evdən çıxanda ailəmlə halallaşıb çıxırdım. Çünki bir şəhid övladı olaraq iştirak etdiyim hər bir əməliyyatda o uca zirvəyə yaxınlaşmaq, şəhadətə yüksəlmək arzum olub. Çox təəssüf ki, atamın yolunu davam etdirsəm də, onun ucaldığı zirvəyə çata bilmədim".
Ziyarət zamanı yaxınları Əliyar Əliyevi hörmətlə anıb, ruhuna dualar oxuyublar. Ziyarətdən sonra ailə üzvləri bir vaxtlar yaşadıqları evə baş çəkib, dağıdılan evin qalıqları olan həyətlərini gəziblər.
Milli Qəhrəmanın böyük bacısı Kifayət Əliyeva deyib ki, xarabalığı xatırladan bu evin hər bir daşında Əliyarın zəhməti olub: "Qardaşım bu evi necə həvəslə, necə xoş günlər arzusu ilə tikmişdi. Bu evin tikintisində üst-üstə qoyulan daşın hər birində Əliyarın əl izləri var. Bu evin divarları arasında bitən hər bir ağac mənim üçün Əliyarın ruhunu yaşadır. Necə duyğulanmayım? Ürəyim necə parçalanmasın? Qardaşım gedişilə bizi çox üzdü. Şükürlər olsun bu günə ki, biz artıq bu gün rahat və sərbəst şəkildə onun məzarını ziyarət edib, onun evinin həyətində durmuşuq. Allah şəhidlərimizə rəhmət etsin, onlar bu günləri bizə bəxş etdilər. İndi tək təsəllimiz odur ki, qardaşımın ruhu çox rahatdır".
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyev 1957-ci ilin dekabrın 14-də Qubadlı rayonu Qəzyan kəndində anadan olub. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları zamanı öz tələbələrindən ibarət könüllü dəstə yaradaraq torpaqlarımızın müdafiəsinə qalxıb. 1992-ci ilin oktyabrın 3-də Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.