Konstitusiya Məhkəməsinin vərəsəlik hüququ ilə bağlı qərarı ötən il dekabrın 26-dək olan vərəsəlik hüququ ilə bağlı açılan məhkəmə işlərinə şamil edilməyəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov deyib.
O bildirib ki, ötən il dekabrın 26-da Konstitusiya Məhkəməsinin vərəsəlik hüququ ilə bağlı qərarı bu tarixədək olan vərəsəlik hüququ ilə bağlı məhkəmə işlərinə şamil edilməyəcək. Lakin məhkəmə icraatında olan mübahisələrə şamil olunacaq.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının 26-da Konstitusiya Məhkəməsində keçirilən iclasda Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.
Mülki Məcəllənin 1246-cı maddəsində qeyd olunurdu ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
1273-1-ci maddəsində isə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
Qeyd olunan 1262 və 1263-cü maddələrdə qeyd olunub ki, əgər vərəsə mirası qəbul etməkdən imtina edibsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməyibsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Həmçinin əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.