İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib - YENİLƏNİB Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib
Daxili siyasət
662
12 Mart , 2021 14:19
İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də - Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Bildirildi ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.

Prezident, Ali Baş Komandan hərbi hissədə yeni inşa edilən qərargah, əsgər yataqxanası, tibb məntəqəsi və yeməkxana ilə tanış olub.

Diqqətə çatdırılıb ki, hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması onların döyüş qabiliyyətini artırmaqla bərabər, istənilən vəzifənin icrasına birbaşa təsir göstərən amillərdəndir.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxdı. Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.

Qeyd edək ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli Sərəncamına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki hərbi qulluqçu “Vətən uğrunda”, üç nəfər “İgidliyə görə”, 7 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması bunun əyani göstəricisidir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri kimi Daxili Qoşunlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsinin, ictimai təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Hərbi hissə ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların bütün şəxsi heyətini təbrik etdi.

12:15

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Son xəbərlər

Orphus sistemi