Qərbi Azərbaycanlılar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan qayıdış hüququndan istifadə etmək üçün bütün postulatlara cavab verirlər.
Bunu BMT-nin qayıdış hüququ prinsipinin Qərbi azərbaycanlılara necə şamil olunması ilə bağlı “Report”un sorğusunu cavablandıran Qərbi Azərbaycan İcması (QAİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, müvafiq beynəlxalq konvensiyalarda öz əksini tapan konkret müddəalar Ermənistandan zorla deportasiya olunmuş Qərbi azərbaycanlıların öz yurdlarına qayıdış hüququnu tanıyır:
“Birləşmiş Millətlər Təşkilatının insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir: “hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ vardır”.
Bundan başqa, BMT-nin Qaçqınların Statusu haqqında Konvensiyası və digər beynəlxalq sənədlər də qayıdış hüququnu dəstəkləyir. Bu prinsip əsasən məcburi köçkünlərə, qaçqınlara və vətənlərindən qovulmuş şəxslərə şamil olunur. Evlərindən zorla çıxarılan - etnik təmizləmə, müstəmləkəçilik və ya digər qanunsuz hərəkətlər nəticəsində vətənlərindən qovulmuş şəxslər də bu prinsipdən yararlana bilər”.
QAİ sözçüsü bildirib ki, Qərbi azərbaycanlıların qayıdış hüququ yalnız fərdi deyil, həm də tarixi ədalətin bərpası üçün mühüm prinsipdir:
“Digər tərəfdən, tarixi torpaqlarında mülkiyyət hüququ olan, lakin zorla köçürülmüş şəxslər də qayıdış hüququndan istifadə edə bilər. Bu, həm fərdi mülkiyyət hüququnun bərpasını, həm də tarixi ədalətin təmin edilməsini nəzərdə tutur. Belə olduğu halda indiki Ermənistan ərazisindən həm etnik təmizləmə nəticəsində zorla qovulan, həm də tarixi torpaqlarında mülkiyyət hüquqları olan şəxslər kimi Qərbi Azərbaycanlılar qayıdış hüququndan yararlana bilər. Bundan əlavə, qayıdış hüququ yalnız fərdi deyil, həm də tarixi ədalətin bərpası üçün mühüm prinsipdir”.
Ü.Zülfiqar qeyd edib ki, Ermənistandan qovulan Qərbi azərbaycanlılara dəyən maddi-mənəvi zərərin qarşılanması heç bir halda geri qayıdışın əvəzlənməsi kimi qiymətləndirilə bilməz:
“Bu halda geri qayıdan insanların yalnız öz doğma torpaqlarına dönməsi deyil, həm də onlara qarşı törədilmiş hüquq pozuntularının beynəlxalq səviyyədə tanınması və kompensasiyasından söhbət gedir. Təbii ki, bu kompensasiya deportasiya olunan şəxslər yalnız öz evlərinə qayıtdıqdan sonra onlara dəyən maddi-mənəvi zərərin qarşılanması, dağıdılan mülkiyyətlərinin bərpasını nəzərdə tutur və əsla geri qayıdışın əvəzlənməsi kimi qiymətləndirilə bilməz.
Yəni Qərbi azərbaycanlılar BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunan qayıdış hüququndan istifadə etmək üçün burada qeyd edilən bütün postulatlara cavab verirlər. Onların geri qayıdışını təmin etmək Ermənistan tərəfinin öhdəliyidir və bu öhdəlikdən yayınmaq sözügedən ümumbəşəri prinsipi pozmaq deməkdir. Geri qayıdışın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin bu istiqamətdə vahid mövqeyi də zəruridir”.