"Gənclər Paytaxtı" olan Şuşada keçirilən tədbirlərdə gənclər fəal iştirak edir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İƏT-ə üzv olan ölkələrin iştirakçıları burada maraqlı tədbirlərlə çıxış ediblər:
"Bildiyiniz kimi, bu il, həmçinin Şuşada İCESCO ilə birgə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forum təşkil etdik. Həqiqətən Azərbaycan gəncləri çox fəaldır".
F.Qayıbovun sözlərinə görə, gənclər Türk Dövlətləri Təşkilatının "Gənclər Paytaxtı" olan Lənkəran şəhərində, eləcə də Bakının ev sahibliyi etdiyi COP-29-da fəallığı ilə yadda qalıblar.
O, bu tədbirin dövlətin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, "Gənclər Paytaxtı"nın simvolik açarı Şuşalı gənclər tərəfindən Mərakeş rəsmilərinə təqdim edilib. Bununla da "İƏT Gənclər paytaxtı gənclər forumu"nun gələn il Mərakeşdə keçiriləcəyi elan olunub.