Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycana səfər edən Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşa və Laçında olublar.
"Report"un məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində olub.
Səfərdə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış jurnalist, “Hymy” jurnalının redaktor müavini, Deputatlar Qrupunun keçmiş sədri (2021), Vantaa-Kereva şəhər dairəsi sovetinin sabiq üzvü (2022), Vanta-Kereva regional hökumətinin sabiq üzvü Antero Eerola, Finlandiyanın sabiq müdafiə naziri, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso və Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova iştirak edib.
Qonaqlara Şuşa şəhərinin tarixi, “Güllələnmiş heykəllər”, Cıdır düzü, Şuşada Azərbaycan tarixi abidələrinə qarşı erməni vandalizmi haqqında qonaqlara ətraflı məlumat verilib, görülən işlər diqqətə çatdırılıb.
Qonaqlar Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər.
Laçında qonaqlara yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri, gələcək plan və layihələr, həmçinin Sus və Zabux kəndləri haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyəti Laçında ilk bərpa olunan 22 evdən birini ziyarət edib, burada yaşayan ailələrlə görüşüb, onlardan müsahibə alıblar.
Daha sonra Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nı ziyarət edib, rayonun Zabux və Sus kəndlərində olublar.