Ağdaş rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində keçirilən məşqin əsas məqsədi obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Eyni zamanda, məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Keçirilən məşqdə ümumilikdə 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib. Uğurlu alınan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.