Gənclər və idman naziri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Fərid Qayıbov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
"Report"un məlumatına görə, görüşdə gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
F.Qayıbov bildirib ki, qaliblər müsabiqədə iştirak etməklə yalnız fərdi inkişaf üçün deyil, həm də ölkənin ümumi rifahının təmin edilməsi üçün yeni imkanlar əldə edirlər:
"Peşəkar kadrların cəmiyyətə töhfə verməsi, onların sosial məsuliyyət hissinin artırılması və müasir çağırışlara çevik cavab verə bilən rəhbər şəxslər kimi formalaşması müsabiqənin əsas prioritetlərindəndir".
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Xatırladaq ki, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti 2023-cü il dekabrın 25-də müvafiq sərəncam imzalayıb.