Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, layihənin müəllifi Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.
F.Şəfiyev bildirib ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Prezident İlham Əliyevin apardığı siyasətin müxtəlif aspektlərinə, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə, 44 günlük Vətən müharibəsinə və onun nəticələrinə həsr olunmuş məqalələr toplanıb.
Bunun bir elmi araşdırma olduğunu vurğulayan F.Şəfiyev qeyd edib ki, kitabda bu gün regionda baş verən hadisələrə baxış öz əksini tapıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, məqalələr BMTM-in ekspertləri və layihəyə cəlb olunmuş mütəxəssislər tərəfindən yazılıb.