Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
“Report” xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi siyasi ekspert Emil Həsənov olub.
O, bu il iyulun 9-11-də Vaşinqtonda NATO-nun Ukraynaya həsr olunmuş sammitindən söz açıb, Türkiyənin NATO-dan çıxacağı ilə bağlı iddialara münasibət bildirib: “Nə NATO-nun Türkiyədən uzaqlaşmasını, nə də Türkiyənin NATO-dan çıxmasını ciddi düşünmək doğru olmaz. Türkiyənin NATO-dan çıxması real deyil, bu, NATO-ya böyük zərbə olar”.
Siyasi ekspert deyib ki, Türk Dövlətləri Təşkilatı qlobal miqyasda güc mərkəzlərindən birinə çevrilməsi, sabitlik, təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq hüquq çərçivəsində effektiv mexanizm kimi fəaliyyət göstərə bilər.
E.Həsənov Məsud Pezeşkianın İran Prezidenti seçilməsinin Zəngəzur dəhlizi məsələsinin həllinə hansısa səviyyədə təsir göstərəcəyini bildirib: “M.Pezeşkianın gəlişi ilə İranın qarşıya qoyduğu vəzifələr eyni qalacaq, lakin proseslər daha səmərəli olacaq. Zəngəzur dəhlizinin açılması İran və bütün region ölkələri üçün böyük perspektivlər yaradacaq”.
O, “Ermənilərin Avropa ölkələri ilə yanaşı, Livan, Suriya kimi ölkələrdə lobbiçilik təsiri olduğunu, xaricdəki erməni diasporunun Nikol Paşinyan hökumətinin, yoxsa revanşist qüvvələrin tərəfindədir” sualına belə cavab verib: “Erməni lobbisinin problemi ondadır ki, onlar daşnaklarla əlaqəlidir. Daşnaklar da Ermənistanın dağıdıcı qüvvəsidir. Revanşistlərin “Hər şeyi geri alacağıq” ideyası onlar üçün yaxşı heç nə vəd etmir. Əgər lobbi birbaşa Ermənistan hökuməti ilə əlaqə yaratsaydı, Ermənistan çiçəklənərdi”.
Siyasi ekspert sonda Ermənistanın silahlanmasının, Sülh sazişini imzalamamasının rəsmi Bakı ilə İrəvan arasında danışıqlar prosesinə mənfi təsir göstərəcəyini, Qərbi azərbaycanlıların geri qaytarılması məsələsinin beynəlxalq hüquq çərçivəsində həll olunacağını vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə iyulun 30-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.