“Dövlətin məcburi köçkünlərə verdiyi mənzillərlə bağlı monitorinqlər davam etdirilir, həmin evlərdə yaşamayanların siyahısı müəyyənləşdirilir”.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
“Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Bəzən elə hallar olur ki, məcburi köçkün yataqxanada qeydiyyatda olur, amma başqa yerdən özünə şəxsi mənzil alır. Həmin mənzil isə öz adlarına olmur və yataqxanada qeydiyyatda qalmaqda davam edirlər. Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınırdı. Ancaq biz sonradan görürdük ki, onların bəziləri həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə müraciətimizi təmin edəndə, həmin qərara uyğun olaraq mənzil ciddi ehtiyacı olan məcburi köçkün, şəhid və qazi ailələrinə verilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, - o vurğulayıb.