"Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır".
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib.
"Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik", - Prezident vurğulayıb.