Deputat: "Azərbaycanda elə məmur var ki, vətəninə ləyaqətlə qulluq edir, məmur da var ki, bundan kənardadır"
Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevin "Report"a müsahibəsi:
- Milli Məclisin plenar iclaslarının birində Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qanun layihəsinin hazırlanması barədə danışdınız. Bununla bağlı iş nə yerdədir?
- “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurası birgə “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” ilə bağlı layihə hazırlayıblar. Həmin vaxt da Milli Məclisin rəhbərliyi ilə birgə ictimai dinləmələr keçirildi. Təklif etdik ki, ümumiyyətlə, Dağlıq Qarabağla bağlı layihə hazırlansın. Milli Məclisə Xocalı faciəsi ilə bağlı layihə təqdim edilib. Hazırda layihə üzərində iş gedir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yeni yaradılan “Ermənistan-Azərbaycan Sülh Platforması” hansı formada fayda verə bilər?
- Dağlıq Qarabağ Azərbaycanın bir bölgəsidir. Azərbaycanın ərazi bütövlüyünə erməni işğalçıları təcavüz ediblər. Uzun illərdir, işğalçılıq siyasəti davam edir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ötrü ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi davam etdirilir. Biz isə fəaliyyətimizi "xalq diplomatiyası" istiqamətində aparırıq. Bu fəaliyyət çərçivəsində Bakıda ilk görüşümüzü keçirdik. Görüşdə erməni əsilli politoloq və jurnalist iştirak edirdi. Hazırda platformanın fəaliyyəti davam etdirilir. Platfomanın qarşı tərəfə verdiyi mesaj ondan ibarətdir ki, həm Ermənistanın daxilində, həm də Ermənistandan kənarda yaşayan erməni əsilli insanlar sülh uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib, öz mövqeyini səsləndirsin, bizimlə birlikdə olsun. ATƏT-in Minsk Qrupunda aparılan danışıqlarda sülhün dəstəklənməsi üçün iş aparırıq. Fəaliyyətimizin nə qədər qənaətbəxş olmasını zaman göstərəcək. Amma hazırda bu proseslə bağlı ciddi işlər gedir. Ümid edirəm ki, biz danışıqlar prosesinə öz töhfəmizi verə biləcəyik.
- Cəmiyyətdə ermənilərin Azərbaycana gəlişi birmənalı qarşılanmır. Narazılıqları necə qiymətləndirirsiniz?
- Narazılıq edənləri başa düşürəm. Amma hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, ölkədə elə bir insan yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü istəməsin. Bizim fəaliyyətimiz xoşagəlməz fəaliyyət kimi başa düşülməməlidir. Heydər Əliyev vaxtilə dünyaya "Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bu, birmənalıdır. Biz problemin sülh yolu ilə həllini görürük" mesajını çatdırıb. Ona görə də bu istiqamətdə aparılan işdə problem görmürəm. Yəni, bu fəaliyyət Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımdır. Biz sülh tərəfdarıyıq. Eyni zamanda, Azərbaycan ərazi bötövlüyünü təmin etməkdən ötrü digər yollardan da istifadə edə bilər. Bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələri son illərdə xeyli inkişaf edib, müasirləşib, güclənib. Əsgər, ali rütbəli zabitlər məsələnin hərbi yolla həllinə tam hazırdırlar. 2016-cı ilin aprel hadisələri də bunu bir daha göstərdi. Həmin döyüşlərdə Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın təxribatına layiqincə cavab verdi. Bundan sonra Azərbaycan hərbi baxımından vacib olan yüksəklikləri geri qaytardı. Bu, qələbə idi. Həmin təxribatların qarşısı alınan kimi Azərbaycan Prezidenti İlham Əliyev atəşkəslə bağlı bəyanat verdi. Biz düşünürük ki, vətəndaş cəmiyyəti bu prosesdən kənarda qalmamalıdır.
- Sizcə, Ermənistanla Azərbaycan arasında müharibənin olması ehtimalı varmı?
- Mən şəxsən istisna edirəm. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İstəyirik ki, münaqişə sülh yolu ilə həll edilsin. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə söykənərək öz ərazisində anti-terror əməliyyatı keçirmək hüququna malikdir. Mən istəyirəm ki, bu problem sülh yolu ilə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa geniş status verilsin.
- Hazırda Azərbaycanın beynəlxalq gücü hansı səviyyədədir?
- Azərbaycan beynəlxalq aləmdə kifayət qədər güclüdür. Bu gün Azərbaycanda güclü siyasi dövlət mövcuddur. Azərbaycan xarici siyasətində uğurlara imza atıb. Ölkəmiz bir müddət əvvəl BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Burada BMT-yə daxil olan 200-ə qədər dövlətdən 155-i Azərbaycana səs verdi. Bu, heç də asan məsələ deyil, dövlətlərarası münasibətlər xüsusi önəm daşıyır. Burada Prezident İlham Əliyevin şəxsi nüfuzu da mühüm rol oynayır. Azərbaycan xarici siyasətində mütəmadi olaraq uğurlar əldə edir.
- “Şən və Hazırcavablar klubları”nın (KVN) Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin komandalarının qatılması diqqət mərkəzində oldu. Ara-sıra bu cür hallar baş verir, bu cür halların baş verməməsi üçün nə etmək lazımdır?
- Azərbaycanın dünyanın aparıcı dövlətləri, o cümlədən digər dövlətlərlə münasibətləri normaldır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Dünya dövlətləri Azərbaycanın ərazi bötüvlüyünü tanıyır və dəstəkləyir. Düzdür, bəzən təxribatlarla da rastlaşırıq. Bunun da arxasında erməni lobbisi dayanır, onlar kifayət qədər təşkilatlanıblar. Rusiyada, Amerikada, Fransada yaşayan ermənilər həmin ölkələrdə öz mövqelərini çatdıra bilirlər. Hər üç dövlət ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Digər dövlətlərdə də erməni lobbisinin imkanları var. Bunları narahatlıqla qəbul edirəm. Şəxsi mənafedən irəli gələn məsələlər də olur. Bunu etməməlidirlər, yaxşı hal deyil. Ermənistan işğalçılıq siyasətəni gizlətməkdən ötrü bu cür yollara əl atır.
- Erməni lobbisinin güclü olduğunu qeyd etdiniz, Azərbaycan necə, bu istiqamətdə fəaliyyətini gücləndirirmi?
- Heydər Əliyevin təşəbbüsü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, dünya azərbaycanlılarının ilk qurultayı keçirildi. Bu işlər artıq töhfəsini verir. Ümumi problemimizlə bağlı fəaliyyət davam etdirilir, getdikcə bu proses güclənir.
- Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edib. Hazırkı münasibətlər sizi qane edirmi?
- Münasibətlərin yüksələn xətlə qurulmasının tərəfdarıyam. Eyni zamanda, bəzən ikili standartları görüb narahatlığımı gizlədə bilmirəm. Bilirsiniz ki, Ermənistan işğalçılıq siyasətini gizlətməkdən ötrü beynəlxalq qurumlarla işləyir. Bəzi hallarda görürük ki, Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər. Bunun da arxasında erməni siyasəti dayanır. Biz öz fəaliyyətimizi prinsipləşdirməliyik, zəhmət çəkməliyik, ünsiyyətdə olmalıyıq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq.
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid edirlər. İddia edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasının səbəblərindən də biri budur... Siz necə düşünürsünüz?
- Bunlar əlaqəli məsələlər deyil. Bu, Azərbaycanın əleyhinə aparılan erməni siyasətidir. Mən də bu cür mövqelərlə rastlaşıram. Məsələn, "Freedom House" təşkilatı bəyan edir ki, Dağlıq Qarabağda demokratik respublika qurulub, nəinki Azərbaycanda. Beynəlxalq təşkilatın separatçı rejimə bu cür qiymət verməsini heç bir halda qəbul etmək olmaz. Azərbaycanın daxilində hər hansı problem varsa, bunu Azərbaycan dövləti, vətəndaşı həll etməlidir. İşğal faktını gizlətmək, 1 milyon qaçqın və məcburi köçkünlə bağlı mövqe səsləndirməmək, işğalçını "işğalçı" adlandırmamaq, işğalçıya qarşı hər hansı mövqe sərgiləmədən Azərbaycan haqqında bu cür danışmaq doğru deyil. Söz yox ki, Azərbaycan dünyada təcrid olunmuş dövlət deyil, müəyyən problemlər, narazı qüvvələr var. Bu, açıq məsələdir, hər bir dövlətdə bu fakt var. Azərbaycanda elə məmur var ki, vətəninə ləyaqətlə qulluq edir, məmur da var ki, bundan kənardadır. Yəni, bu, dünyada olan prosesdir. Amma əsas məsələni səsləndirmədən problemi qabartmağın tərəfdarı deyiləm.
- Sizin müəllifi olduğunuz “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılmadı. Bunun səbəbi nə idi?
- Milli Məclisin iş strukturu belədir ki, istənilən deputat müxtəlif qanun layihələri ilə çıxış edə bilər. Bu qanun layihəsini də mən hazırlamışdım, layihəni Milli Məclis Aparatına təqdim etdim. Deputatlar bu məsələdə mənə dəstək vermədilər. Ehtiyac olacaqsa, Azərbaycana qarşı bir problem yaranarsa, bəlkə düşüncələrini dəyişərlər. Amma bu gün üçün onlar məni dəstəkləmədilər. Deməzdim ki, bütövlükdə Milli Məclis dəstəkləmədi, hər halda dəstəkləyən deputatlar var idi. Biz kifayət qədər səs toplaya bilmədik. Gələcəkdə nə baş verəcək, bilmirəm. Hələlik qanun layihəsinə baxılmır. Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənərsə, sərt şəkildə cavab verəcəyəm. Bu, istənilən dövlətə aiddir. Biz öz vətənimiz uğrunda mübarizə aparmağa hər an hazırıq. Təbii ki, mən tək deyiləm, milyonlarla azərbaycanlı mənim kimi düşünür və ölkənin lideri Prezident İlham Əliyevə arxalanır.
- 2017-ci ildən gözləntiləriniz nədən ibarətdir?
- Azərbaycanın ərazi bötüvlüyünün bərpa edilməsini gözləyirəm. Düşünürəm, dünya azərbaycanlılarının istəyi budur. İstərdim ki, Azərbaycanın bugünkü iqtisadi vəziyyəti düzəlsin. Nə qədər tez düzələrsə, bir o qədər yaxşıdır. Azərbaycan neft-qaz sahəsi üzrə uğurlu layihələrin sahibidir. Siyasi proseslər nəticəsində dünya bazarında neftin qiyməti düşdü, bu da Azərbaycanın dövlət büdcəsinə müəyyən qədər təsir etdi. Amma Cənub Qaz Dəhlizi layihəsi fəaliyyətə başlayandan sonra maliyyə vəziyyəti düzələcək, biz bunun şahidi olacağıq. Vaxtilə Heydər Əliyev 1994-cü ildə Əsrin Müqaviləsini imzaladıqdan sonra Azərbaycana maliyyə axını oldu, qısa müddət ərzində Azərbaycan inkişaf yolu keçdi. İqtisadi cəhətdən müəyyən problemlərimiz var. Prezident İlham Əliyevin verdiyi tapşırıqların icra ilə problemlərin qarşısını ala biləcəyik. Bura qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin, turizm sahəsinin, maşınqayırma sahəsinin inkişaf etdirilməsi daxildir. Bütün bunlar Azəzrbaycan vətəndaşının xeyrinə işləyəcək. Ərəb ölkələrində yaşananların Azərbaycana da, Avropa ölkələrinə, bötüvılükdə dünyaya aidiyyatı var. Misal kimi miqrant problemini göstərmək olar. Dünyada gedən proseslər Azərbaycana qardaş dövlət olan Türkiyəyə də təsir edib. Orada son dövrlər terror hadisələri törədilir. Yəni, baş verənlər böhrana yola açır.
- Azərbaycan cəmiyyətində baş verən hansı hadisələr sizi daha çox narahat edir?
- Azərbaycan cəmiyyətindən kifayət qədər razıyam, kifayət qədər vətənə, millətə bağlı adamam. Azərbaycan vətəndaşı düşünməlidir ki, ölkəmiz 25 ildir, müstəqildir, müstəqillik ən böyük varlığımızdır. Yəni, cəmiyyət bununla bağlı düşünməyi bacarmalıdır. Bunun da kökündə təhsil dayanır, təhsilli olmalıdırlar ki, vətən üçün çalışa bilsinlər. Vətəndən almaq deyil, vətənə xidmət etməklə bağlı düşünməlidirlər. Azərbaycanda olan sabitliyi qorumağı bacarmalıyıq. Hamımız bilməliyik ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr qüvvələr var.
- “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyəti sizi qane edirmi?
- Təşkilat inkişaf yolunu keçib, fəaliyyət göstərir. Biz daha intensiv işləməyi bacarmalıyıq.
- Bəlkə strukturu yeniləməklə bunu etmək mümkündür?
-Qurumun nəzərdə tutulan müddət ərzində qurultayı keçirilir, İdarə Heyəti seçilir, sonra rəhbər müəyyən edilir. Təşkilatın hazırki sədri Bayram Səfərovdur. O, bacarıqlı insandır. Amma bütün hallarda təşkilatın daha da intensiv işləməsinin tərəfdarıyam.
-Rövşən müəllim, gününüzün daha çox hissəsini necə keçirirsiniz?
- Mən siyasətlə məşğulam, günün daha çox hissəsini də buna həsr edirəm.
- Doğmalarınıza, ailəyə vaxt ayıra bilirsinizmi?
- Ailəyə də, övladlarıma da, nəvələrimə də vaxt ayırıram. Məndən narazı deyillər. 3 övladım, 3 nəvəm var. Kiçik qızım Bakı Dövlət Universitetinin Psixologiya fakultəsinin birinci kurs tələbəsidir, o biri qızım Azərbaycan Tibb Universitetini bitirib, oğlum isə kiçik bizneslə məşğuldur.
- İdmanla məşğul olursunuz?
- Bəli, üzgüçülüklə məşğulam. Vaxtilə idmana daha çox vaxt ayırırdım, məsələn, tennis oynayırdım. Başqa idman növləri ilə də məşğul olmuşam.
- Atanız Bakı şəhər prokuroru vəzifəsində çalışıb, tanınmış şəxs olub. Atanızla bağlı xatirələriniz maraqlı olardı...
- Təəssüf edirəm ki, atam vaxtından əvvəl dünyasını dəyişdi. Atama bağlı olmuşam. Atam bizi vətənpərvər ruhda böyüdüb. O, Dağlıq Qarabağda da çalışıb, orada müəyyən problemlərlə də üzləşib. Ailədə atama qarşı həmişə böyük hörmət olub. Zamanı çatanda atamla bağlı xatirələrimi açıqlayacam...
- Rövşən müəllim, ofisiniz dəbdəbəli deyil...
- Mənim əlavə gəlir mənbəyim yoxdur, yalnız Milli Məclisdən aldığım maaşla dolanıram.