"Çox sevincli anlar yaşayırıq, 30 il işğalda olan torpaqları azad etmişik. Artıq ikinci ildir Novruz bayramını azad olunmuş torpaqlarda, Qarabağda qeyd edirik. Keçən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada, bu il isə Suqovuşanda bayram tonqalını qaladı. Möhtəşəm anlara şahid edirik. Çünki 30 il xalq bu günləri görməyi arzulayıb. Hər Novruz və başqa milli bayramda arzulayırdıq ki, bayramı o torpaqlara qayıdaq. Şuşada bayrağımızı dalğalandıraq. Artıq arzularımıza çatdığımız gündür".
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş torpaqlara gedişi həmin yerlərə yeni ruh verir: “Hər səfər çərçivəsində çoxlu sayda infrastruktur layihələrinin təməli qoyulur. Bu da onu deməyə imkan verir ki, tezliklə biz qaçqın və məcburi köçkünlərimizi həmin ərazilərə qaytaracağıq. Düşünürəm ki, 30 il məcburi köçkünlük həyatı yaşamış insanların elə müasir yerdə yaşamaqla o günlərin əzab-əziyyətlərinin əvəzini çıxacaqlar”.
Deputat vurğulayıb ki, Azərbaycan artıq 30 il bundan əvvəlki ölkə deyil: “Azərbaycanın indiki gücü həm torpaqlarını müdafiə etməyə yetər, həm də hər hansı xarici müdaxilə baş verərsə, cavabını verməyə hazırdır. Bütün bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının sabit olmasıdır ki, həm torpaqları azad etdik, həm də orada bərpa işləri aparırıq. Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayır”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində səfərdə olub və bayram tonqalı alovlandırıblar. Dövlət başçısı həmçinin bir sıra yeni infrastruktur layihələrinin təməlini qoyub.