"Bir müddət insanlar məni çox sıxırdılar, tələb edirdilər. Ona görə də seçkidə iştirak etmək fikrim yox idi"
Bakı. 18 noyabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Gənclər və idman komitəsinin üzvü, deputat Adil Əliyevin "Report"a müsahibəsi:
- Bir neçə gün öncə İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında iştirak etmisiniz və qalib gəlmisiniz. Amma nədənsə yarışdan narazı qalmısınız. Səbəb nədir?
- Bəzilərinin idmandan anlayışı yoxdur. Elə bilirlər ki, idmanla 15-20 yaşlı insanlar məşğul olur. İdman böyük bir aləmdir. İdmanda yalnız uşaqların, gənclərin deyil, veteranların da yarışı olur. Veteranlar 35 yaşdan yuxarı hesab olunur. Mən özüm həm cüdo, həm də kikbosinq idman növü üzrə yarışlara qatılıram. Sonuncu dəfə kikbosinq yarışında iştirak etdim. Bildiyiniz kimi, bir neçə kikbosinq təşkilatı var və onlar dünya çempionatlarını təşkil edirlər. Amma bəzilərinin keçirdiyi yarışların səviyyəsi çox aşağı olur. Azərbaycanın Kikboksinq Federasiyası Dünya Kikboksinq Federasiyası (VAKO) ilə əməkdaşlıq edir. Bu fedrasiya, demək olar ki, digər federasiyaları sıxışdırıb. Amma həmin federasiyalar zəifləsələr də, pul qazandıqları üçün fəaliyyətlərini davam etdirirlər. VAKO çox ciddi təşkilatdır, həmin təşkilatın keçirdiyi yarışlarda çempion olmaq üçün gərək sənin çəki dərəcəndə 10-12 nəfər olsun. Yəni, ən azı 3-4 döyüş keçirməlisən. Mənim iştirak etdiyim yarışın təşkilatçısının - VTK-nın isə yarışlarının səviyyəsi çox aşağıdır. Həmin yarışda yazıldığım versiyada və çəki dərəcəsində bir nəfər var idi. Bizə əvvəlcədən demişdilər ki, təşkilatçılıq yüksək səviyyədə olacaq, əfsuslar olsun ki, biz onu görmədik. Narazı ona görə qaldım ki, mənim çəki dərəcəmdə cəmi bir nəfər vardı, ona qalib gəldim, dünya çempionu oldum. Bu, belə olmamalıdır. Buna turnir adı verilsəydi, daha doğru olardı, "Dünya çempionatı" demək gülüncdür.
- Həmin təşkilat bundan sonra yarışa dəvət etsə, getməyəcəksiniz?
- Təbii ki, getməyəcəm. Bu təşkilatın yarışında birinci və sonuncu dəfə iştirak etdim. Mənə deyirdilər ki, bu federasiyanın təşkil etdiyi yarışlar yüksək səviyyəli deyil. Amma fikirləşdim ki, iştirak edib görmək daha doğru olar.
- Adil müəllim, Milli Məclisin plenar iclaslarında az-az çıxış edirsiniz. Niyə belədir?
- Hər şeyin öz yeri var. Eyni vaxtda idmanda və parlamentdə aktivlik göstərmək alınmır. Lazım olan məqamda danışırıq, fikirlərimizi bildiririk. "Lal deputatlar" siyahısına düşmürük (gülür). Tam səmimi deyirəm ki, eyni məsələyə 20-30 nəfərin eyni münasibət bildirməsi yorucudur. Yəni, mən də çıxış etsəm, pafoslu olacaq, görüntüyə hesablanacaq. Yəni, əgər kimsə çıxış edirsə, sən də onun fikri ilə razısansa, əlavə çıxışa nə ehtiyac var ki?! Cəmiyyətə fayda verən məsələlərin müzakirəsində iştirak edirəm. "Nəticəsi nə olursa-olsun, təki mən danışım, təki məni görsünlər" prinsipi mənə yaddır. Milli Məclisin komitə iclaslarında çıxış edirəm, təkliflərimi irəli sürürəm. Onsuz da məsələlər plenar iclasa qədər müzakirəyə çıxarılır, həll edilir. Həm də plenar iclasda çıxışlar gündəliyə uyğun olmalıdır.
- Seçicilərinizlə necə işləyirsiz?
- 20 saylı Nərimanov ikinci seçki dairəsinin hər məntəqəsi üzrə bir neçə aktiv vəkilim var. Onlar ərazidən mənə məlumatlar verirlər. Seçkiyə "qapı-qapı" prinsipi ilə qoşulmuşam, sonra isə formatı dəyişdim. İndi daha çox şəxsi görüşlərə üstünlük verirəm.
- Onları razı sala bilirsinizmi?
- İnsanları razı salmaq çox çətindir, onları dinləmək lazımdır. Elə məsələlər olur ki, insanlar özləri də bilirlər ki, bizim həll etmək imkanımız yoxdur. Amma ən azından dinləmək, təsəlli vermək, imkan dairəsində kömək etmək lazımdır. Deputatı olduğum rayonda problem bir qədər azdır.
- Sizin deputatı olduğunuz rayon "imkanlı rayon" hesab olunur...
- Bizim rayon həm imkanlıdır, həm də imkansız. "İmkan"lı dediyiniz vəzifəli adamların xeyli hissəsi burada yaşamırlar, elə vəzifəli şəxslər var ki, qeydiyyatda bu ərazidədirlər, amma başqa yerdə yaşayırlar.
- "Facebook"da aktivsiniz. Bu, sizin işinizə problem yaratmır ki?
- Gün ərzində inboksa - mesaj qutusuna yüzlərlə məktub gəlir. Təbii ki, istəyirəm hamısını cavablandırım. Amma vaxtım olmur. O qədər mesaj göndərirlər ki, oxuyub başa çatdıra bilmirəm.
- Müraciətlər elə çoxdur ki?
- Mənə Azərbaycanın bütün rayonlarından yazırlar. Deputat olduğum rayondan isə müraciətlərin sayı o qədər də çox olmur. Əsasən işlə bağlı müraciət edirlər. Bəzən elə olur ki, "Facebook"u bağlamaq, telefonu söndürmək istəyirəm. İstəyirsən, insanlara kömək edəsən, yanında olasan, amma təbii ki, gücün çatan qədər. Biri "Facebook"da profil açır, dərhal yazır, fikirləşir ki, tanınmış adamdır, kömək istəyim. Elələri də var ki, radikal - "sən millət vəkilisən, kömək göstərməlisən" düşüncəsi ilə yanaşırlar. Deyirəm, ay qardaş, mən hansısa rayonun filan kəndinə necə kömək edim? Yəni, buna imkanım olmur. Ona görə də hamıya cavab verə bilmirəm. Digər tərəfdən də, "Facebook" işimi xeyli asanlaşdırıb, nə lazım olursa, yazıram, kimə maraqlıdırsa, istifadə edir.
- III, IV, V çağırış Milli Məclisə seçkilərdə iştirak etmisiniz. Bu seçkilərdə ən güclü rəqibiniz kim olub?
- Ən güclü rəqibim 2005-ci ildə İsa Qəmbər olub. İsa Qəmbər tanınmış adamdır. O seçkidə bütün gücümlə çalışırdım. Dostlarım, seçicilərim mənə çox kömək etdilər. Çalışırdıq ki, seçkidə nöqsan olmasın. Heç bir qanun pozuntusuna yol vermirdik. İnsanları seçkiyə çağırırdıq. Azərbaycanda insanlar seçkidə iştirak etmək istəmirlər. Hərəkət etmir, seçkiyə getmir, amma narazıdır. Sən əvvəlcə vətəndaşlıq hüququnu yerinə yetir, sonra narazılığını bildir. Seçkidə iştirak etmirlər, səs vermirlər, amma narazılıq edirlər. İnsanların maariflənməsinə ehtiyac var. Seçki mədəniyyətinin aşılanması istiqamətində işlər görülməlidir.
- Vəkil Aslan İsmayılov da rəqibiniz olub...
- Aslan İsmayılov tanınmış hüquqşünasdır. O, deputat olduğum dairədən beş dəfə namizədliyini irəli sürüb. Həmişə də öz məğlubiyyəti ilə barışıb. Gah deyirdi, seçilmişəm, gah da deyir ki, efirə çıxmaqdan ötrü namizədliyimi irəli sürmüşəm. Həmişə müxtəlif bəhanələr gətirib. Doğrusu, inanmıram ki, bu dairədə mənə kimsə rəqib ola bilsin.
- Siz deputat seçilməzdən öncə hüquq-mühafizə orqanlarında çalışmısınız. Yenidən polis sisteminə qayıdarsınızmı?
- Hər bir insanda arzu, istək ola bilər. İndinin özündə həmin insanların iş rejiminə baxıram. Çox çətindir. Vətən üçün ehtiyac yaranarsa, təklif olarsa, etiraz etmərəm. Məsuliyyəti böyükdür. Yəni, indi Azərbaycanın rayonlarına, xarici ölkələrə rahat şəkildə gedə bilirəm. Amma vəzifədə olanda bunu etmək olmur, əlin-qolun bağlanır. Xidmət rejimi elədir ki, ildə bir dəfə məzuniyyət olur, onda da bilmirsən, nə edəsən... Mənə belə daha rahatdır.
- "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyanın müəllifisiniz, həmçinin hüquq üzrə fəlsəfə doktorusunuz. Necə düşünürsünüz, bəlkə hüquq-mühafizə orqanlarında daha çox uğur qazana bilərdiniz?
- Allahın qismətidir ki, buradayam. "Hüquq-mühafizə orqanlarında çalışıb, daha çox fayda verə bilərdim" fikri yanlışdır. Məncə, mən deputat olaraq daha çox fayda verirəm. Yəni, orada olsaydım, nə edəcəkdim ki?!
- Azərbaycandakı kriminogen durumu necə qiymətləndirirsiniz?
- Kriminogen durum tam nəzarətdədir. İndiki vəziyyət Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi zamandan fərqlənir. O vaxt çətin idi, daxili qruplaşmalar vardı, terror törədilirdi. Şükürlər olsun ki, Azərbaycandakı qurumlar çox yaxşı fəaliyyət göstərirlər. Azərbaycan siyasi sabitlik mövcuddur, bunu da dövlət qurumları qoruyur, vəziyyətə tam nəzarət edirlər. Bilirsiniz ki, manatın devalvasiyasından sonra müəyyən qədər narazılıq oldu, amma tezliklə həll edildi. Narazılığı yaradanlar məmurların özləri idi, haqsızlıq edirdilər. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları insanları incidirdilər. Onların törəmələri yenə də var. Buna baxmayaraq, vəziyyət hökumətin nəzarətindədir.
- Bəs problem kökündən niyə həll edilmir?
- Yəqin ki, zamana ehtiyacı var. Bəlkə onların cinayətləri sübuta yetirilmir? Ola bilər ki, biz yanlış düşünürük. Burada müxtəlif məqamlar ola bilər. Bəlkə kənardan belə görünür, əslində elə deyil... Bütün bunlar zamanla həll ediləcək.
- Milli Məclisə sonuncu seçkilərdən öncə, müsahibələrinizin birində demişdiniz ki, işləriniz var, həmin işlərlə bağlı plan baş tutmazsa, namizədliyinizi irəli sürəcəksiniz. Namizədliyinizi irəli sürdünüz, deputat da seçildiniz. Bilmək olarmı, o plan nə idi? Vəzifə təyinatı alacaqdınız?
- Yox, vəzifə təyinatı ilə bağlı deyildi. Həyatda insanın taleyini dəyişə bilən məqamlar olur. Seçkiyə qatılmağın məsuliyyəti o qədər böyükdür ki... Bir müddət insanlar məni çox sıxırdılar, tələb edirdilər. Ona görə də seçkiyə getmək fikrim yox idi. Çünki insanlar məndən umurlar, gözləyirlər və mən də kömək edə bilmirəmsə, daha deputat niyə oluram ki? Sonra fikir verdim ki, əslində normal işləyirəm, bundan artıq da etmək mümkün deyil. Elə məsələ var ki, onun həlli zamana bağlıdır.
- Bəs plan nə idi?
- Xarici şirkətlər vardı ki, daha yüksək maaşla iş təklif edirdilər.
- Yəni, biznesə qoşulmaq istəyirdiniz?
- Bəli.
- İdman sahəsində aktivlik göstərirsiniz. Gənclər və idman naziri olmaq istəmisinizmi? Hətta bir müddət öncə bununla bağlı xəbər də yayılmışdı...
- Azərbaycanda belə şeylər qəbul olunmur. Yəni, hər kəs öz yerindədir. Nazir vəzifəsinə təyin olunanlar daha fəal, aktivdirlər. Onların iş rejiminə baxıram, çox çətindir, ona görə də istəmirəm. Əvvəllər bəlkə də düşünərdim, amma indi mümkün deyil. Vəzifədə olanların gecəsi-gündüzü yoxdur. Azad Rəhimov dostumdur, çox yaxşı insandır.
- 35 yaşınızda Bakı Dövlət Universitetinin magistraturasını, 41 yaşınızda da aspiranturasını bitirmisiniz. Niyə belə gec?
- Bir kitab yazmaq istəyirəm. Əlyazmalarımı kitab şəklində çərçivəyə sala bilmirəm. Çünki vaxtım olmur, problemlər imkan vermir. Biz gənclərlə görüşəndə deyirik ki, hər şeyi vaxtında etmək daha gözəldir. Allah təala buyurur ki, hər kəs namaz qılır, amma namazı vaxtında qılmağın savabı başqadır, nəinki vaxtından sonra... Ona görə də təhsil gərək vaxtın da olsun.
- Bəzən məmurlar təhsili formal olaraq alırlar...
- Bir müddət əvvəl yazırdılar ki, Adil Əliyev Bakı-Noraşen qatarında cinayətkarlıqla məşğul olub. Guya camaatı soyurmuşam. Mən orta məktəbi 1987-ci ildə bitirmişəm. Bu, necə ola bilər?! Orta məktəbdə polisdə işləmişəm? Bu cür iddialar doğru deyil. Hər kəsin tərcümeyi-halı göz qabağındadır, onu gizlətmək olmaz. Bəziləri niyə aqressiv olurlar? Ona görə aqressivdirlər ki, keçmişdə kim olublar, hər kəs bilir. Yəni, Bakının həndəvərinə düşə bilməyənlər, indi villalarda yaşayırlar. Onu tanıyan adamı görəndə əsəbləşirlər. Yəni, gizlətməklə nəyə nail olacaqsan ki? Keçmişi heç vaxt unutmaq olmaz.
- Bir müddət öncə, sizə bağlı bir neçə saytın olduğunu iddia edirdilər. İndi necə, hansısa xəbər saytına bağlılığınız varmı?
- Bir müddət əvvəl, belə bir şey var idi. Amma sonradan gördüm ki, çətindir, təhlükəlidir. Ona görə də qurtuldum.
- "Təhlükə" deyəndə nəyi nəzərdə tutursunuz?
- Sayta nəzarət etmək mənim işim deyil. O işin peşəkarı olmalısan. Vəzifə daşıyıb, xəbər saytına sahib olmaq çox təhlükəlidir. Sayt məsələsi düşmənlərimin sayını artırdı. Kiminsə haqqında yazırdılar, həmin adam da mənə zəng edirdi. Deyirdim, bu işin mənə aidiyyatı yoxdur. Amma inanmırdılar. Elə bilirdilər ki, özləri kimi mən də qaraqəlbliyəm, yalan danışıram. Həmin saytlar dostluq etdiyim insanlara məxsus olduğu üçün elə bilirdilər ki, sifarişi biz veririk.
- Siz Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşısınız. Amma qardaşınız sizdən fərqli olaraq mətbuata qapalıdır. Hərdən sizə "mətbuatla məsafə saxla" demir ki?
- Məhərrəm Əliyev müəllimimdir, böyüyümdür, ağsaqqalımdır. O, sıradan bir insan deyil, gözütox adamdır, mərddir. Məhərrəm Əliyevdən çox şey öyrənmişəm, o, mənə kömək edib, səbrli olmağı öyrədib. Qardaşım mənə həmişə ehtiyatlı olmağı tövsiyə edib. Ondan indi də müəyyən məsləhətlər alıram. Məhərrəm Əliyev qapalı insan deyil, həmişə mətbuata açıq olub. Onun hazırki vəzifəsi qapalı olmağı tələb edir. Hər bir insan sahəsi üzrə çalışmalıdır. Tutaq ki, bir cinayət hadisəsi olur, onu işıq idarəsinin rəisindən soruşmurlar ki?! Bu məsələyə həmin ərazi üzrə sahə rəisi cavabdehdir. Aidiyyatı olmayan məsələlərdən niyə danışasan ki?! Adama deyərlər, sənə nə olub, düşmüsən ortalığa?! Bəzi adamlar özlərinə aidiyyatı olmayan məsələlərdən elə danışırlar ki... Bu baxımdan Məhərrəm Əliyev nəyə cavab verməlidir?!
- Azərbaycan gəncliyi ilə bağlı nə düşünürsünüz?
- Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir. Bu gün Azərbaycanda gəncliyə dəstək verilir. Gənclərin milli vətənpərvərlik ruhunda istiqamətlənməsində böyük işlər görülür. Hər kəs gənclərin yanında olmalıdır. Biz millətin gələcəyini etibarlı əllərdə görmək istəyiriksə, gənclərə dəstək olmalıyıq, kömək etməliyik. Narazı gənclərimiz var. Amma məmurdan narazılıq dövlətdən narazılığa çevrilməməlidir. Mən özüm gənclərlə bağlı "Gənclərə həyat dərsi" adlı layihə həyata keçirirəm. Bu layihə ilə bağlı bəzi universitetlərdə mühazirə deyirəm. Bu, bizim borcumuzdur. Ümumiyyətlə, gənclərlə bağlı olan bütün tədbirlərə gedirəm. Biz gəncləri düzgün yola gətirə biliriksə, bu, bizim uğurumuzdur.