Gürcüstan telekanallarına “Basqalı” rəqsinin və “Bu qala, daşlı qala” mahnısının müəlliflik hüququnun pozulması ilə bağlı müraciət edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin (COPAT) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycanın Əqli Mülkiyyət Agentliyi Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinə 2024-cü ilin oktyabrın 21-də "SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.
“Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib”, - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib:
"SAKPATENTİ" bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə cavab olaraq bildirib ki, Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirəcək”.
Məlumatda o da vurğulanıb ki, "SAKPATENTİ" hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib.
“Agentlik məsələyə dair hərtərəfli araşdırma və cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi qeyd olunub.
"SAKPATENTİ" rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcək”, - COPAT-ın yaydığı məlumatda deyilir.