Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.
Operativ Qərargahdan "Report"a bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır:
Fəaliyyətinə icazə verilən sahələr
- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);
- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);
- yük daşımaları və logistika xidmətləri;
- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;
- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
- kütləvi informasiya vasitələrinin fəaliyyəti;
- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;
- mühafizə xidmətləri.